Bir gün pəncərələr bezər əlimdən… – Həmidənin şeirləri

 

***

Bir gün pəncərələr bezər əlimdən,
Bir gün pərdələr də saçını yolar.
Sevdiyim o sadə, o adi çay da
Sənin istəyinlə darçınlı olar…
Gülüş yanağımdan boy verib qaçar,
Qəmzələr pərişan,qəmzələr naçar.
Külək ümidimi alıb da qaçar __
Dalğalar yenə də xırçınlı olar.
Bitər bu həsrətin beləcə sonu,
Bir kimsə gözləməz bir daha O’nu.
Geyərəm əynimə bəmbəyaz donu
Ətəyi çiçəkli…qırçınlı olan…
***
Hamı eyni darıxır,
sən də başqa cür darıx.
de,gül,danış,gəz,dolan
arada bir dur,darıx…
Ən gözəl paltarına,
ən gözəl ətrini vur,
dəyişdir əl çantanı…
boyayıb saçlarını,
uclarını bur,darıx…
hamı eyni darıxır
sən də başqa cür darıx.
hər işini saatın
əqrəbinə qur darıx,
axşamı erkən yatıb,
səhər erkən dur_darıx.
bütün cavablarının
sualını ver, darıx.
sən də başqa cür darıx,
Şəhəri sən oyandır,
çıx küçədən keçənin
yolunu kəs,dayandır…
en dəniz sahilinə,
Bozarmış göy dənizin,
dalğalarıyla oyna,
Dənizin qoxusunu
ciyərlərinə çəkib
ciyərini yor,darıx!
bütün ayrılıqların
ağrısı acısının
qarşısında əyilmə!
əzəmtlə,mətinlə,
möhkəm dayan
dur darıx!
sən də başqa cür darıx!
hamı eyni darıxır…
***
Şeirlərim yetim kimi nə vaxtdı,
Misralarım boynu bükük qalmışdı.
Dodağımda gilələnib sözlərim,
Yanağımda damcılar da dolmuşdu…
 
Kipriklərim çəpər idi yuxuma…
Gecələrin zülmətinə keşikçi.
Səhərlərim naümiddü günəşə,
Ulduz ulduz baxışlarım bələdçi.
 
Yol göstərən yox idi ki ağlıma,
Gecə kimi qaranlıqdı düşüncəm
Arada bir sancı girib bağrıma,
Xəyalların arxasına düçüncə.
 
Alır məni,mənliyimdən aparır.
Nəfəsimi ciyərimdən çıxarır.
Mən yolunu gözlərimə düzdükcə
Yollar məni keçmişimə aparır.
 
Orda elə yanaqlarım buz yenə.
Orda yenə bir sən varsan bir də mən.
Orda yenə kəlmələrim yetimdi
Orda yenə kimsəsizəm,bir mənəm.
 
Kimsəsizlərin kimsəsi duy məni !
Tut əlimi günahımdan soy məni
Mən tapmadım heç bir zaman yerimi
Götür özün öz yerimə qoy məni !
Məhəmməd Həmidə
Share: