(Şarj)
Həftənin 4-cü günü, yəni cümə axşamı anadan olub. Astrologiyada “Yupiter” kimi tanınsa da, amma xalq inanclarında “Müştəri” adlanan planetin təsiri altında yaşayır. Elə-belə adamlardan deyil, müsbət enerjili, müdrik və şanslı şəxslərdəndir. Həyata həmişə “işıq gələn” tərəfdən baxır. Ən çətin vəziyyətlərdə belə ümidlərini itirmir və ətrafına sevinc yayır. Yeni biliklər qazanmağı, dünyagörüşünü artırmağı sevir. Yaxşı məsləhətçidir. Təsiri altında olduğu Yupiter genişlənmə və uğur planeti olduğu üçün çox vaxt onun bəxti gətirir. Odur ki, maddi və mənəvi cəhətdən bərəkətli bir ömür sürür. Haqsızlığa dözümü yoxdur. Hər zaman ədalətin tərəfində olmağa çalışır və yalana nifrət edir. Heyf ki, görənlər bu qabiliyyətini dəyərləndirməyib, axı onun insanları arxasınca aparmaq bacarığı güclüdür. Öz sahəsində avtoritetlərdən biridir, nəzakət göstərməyi və hörmət görməyi sevir. Bəzən həddindən artıq qürurlu ola bilir və arada elə düşünür ki, hər şeyin ən yaxşısını ondan başqa heç kim bilmir. Bir az da israfçılığa və eyni anda bir neçə işi görməyə meyillidir…
Bu gün- sentyabrın 12-si “baş-ayaq” yaşı tamam olur. Yəni iki eyni görünən rəqəmin biri tərsinə dayanıb. Daha dəqiqi 69 yaşına çatıb. 69 rəqəmi 6 və 9 rəqəmlərinin enerjisini birləşdirir. 6 rəqəmi ailə, ev, məsuliyyət və qayğını, 9 rəqəmi isə mənəvi oyanışı, qurtuluşu və universal sevgini simvolizə edir. Bu rəqəm daxili rahatlıq, idealizm, ailə bağları və başqalarına kömək etmək istəyini göstərir. Mələklərin numerologiya sistemində 69 köhnə əşyalardan və ya mənfi enerjilərdən azad olub, həyatda daha ali məqsədlərə diqqət yetirməyi xəbərdar edir. Doğrudur, müasir mədəniyyətdə və internet məkanında 69 rəqəmi tez-tez yumoristik və ya məcazi mənalarla əlaqələndirilir, amma qorxusu yoxdur. Məşhur kəlamda deyildiyi kimi- Harasında gedirsən get, təki tabutun içində olma…
Nə isə, Rüstəm Behrudini 69 yaşı münasibətilə təbrik edirəm. 70-də məni də dəvət etməyi unutmasın, sonra 100-də görüşərik…
Hörmətlə, Elman Eldaroğlu





















