“BakuBus” qaydanı pozan sürücünü işdən qovdu

“BakuBus” MMC-yə məxsus “99JX-266” dövlət qeydiyyat nişanlı avtobus sürücüsünun 27.10.2017-ci il tarixdə saat 18:25 radələrinə Binəqədi rayon Rəşid İsmayılov küçəsində yol verdiyi qayda pozuntusu ilə bağlı araşdırmanın nəticəsi olaraq, sürücü Kərimov Kamran Ağakərim oğlu tutduğu vəzifədən azad olunub.

Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq “Bakubus” MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib.

Şöbə müdiri qeyd edib ki, ümumiyyətlə, gün ərzində şirkətin qaynar xəttinə sərnişinlərimiz tərəfindən sürücülərlə bağlı daxil olan bütün şikayətlər araşdırılır və xidməti fəaliyyətində nöqsan aşkarlanan sürücü ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülür:

“Fürsətdən istifadə edərək, bird daha sərnişinlərimizdən və digər yol hərəkəti iştirakçılarından xaiş edirik ki, “BakuBus” avtobusunu idarə edən sürücülərin yol verdiyi hər hansı qayda pozuntusunu müşahidə etdikdə dərhal avtobusların salonunda və arxasında quraşdırılmış lövhələrdəki telefon nömrəsinə, yaxud  *4242 qaynar xəttinə müraciət etsinlər”.

Share: