Bəstələrlə müsəlləh əsgər-Bəstəkar İlhamə Adil qızı… – Aysel Nəsirzadə yazır

Neçə illərdir ki, hər sözümüzün əvvəli, axırı “Gün o gün olsun Qarabağımız işğaldan azad olsun” idi. Uşaqlığımızın devizi, gəncliyimizin həqiqəti idi bu kəlmələr. Bu arzuları dilə gətirmədiyimiz heç bir bayram, heç bir təntənə yox idi.
Həmin günün gəlişi ruhumuzu riqqətə gətirdi.
Düşmənə qan uddurmaq, tökülən günahsız qanların qisasını almaq, Qarabağımızı – Vətən torpağımızı işğaldan azad etmək üçün Müzəffər ordumuz öz gücünü toplayıb meydana atıldı.
İgidin yeri savaş meydanında, azadlıq mücadələsində olmalıdır. Bəlkə də əsrlərdən bəri xalqımız əzmini burda da göstərdi – müharibə xəbərini eşidən millətimiz bütün baş verənləri qorxmazlıq və sevinclə qarşıladı , çünki qisas zamanı gəlib çatmışdı, son damla qanına qədər hər kəs hazır idi. Həmin günlər arxa cəbhə də ön cəbhə kimi müsəlləh əsgər oldu. Kimi sözü-qələmi ilə, kimi yardımları ilə, bəstəkarı bəstələri ilə, müğənnisi nəğmələri ilə – bir sözlə hər kəs, peşəsindən asılı olmayaraq vətənin xidmətində dayanmışdı, öz dəstəyini göstərirdi.
Həmin günlərdə öz vətəneşqli bəstələriylə əsgərlərimizə öz dəstəyini göstərən, şəhid analarına ithaf olunmuş bəstələriylə isə şəhid igidlərimizin analarının dərdinə şərik olduğunu bildirən bəstəkarlarımızdan biri də İlhamə Adil qızı oldu. Onun bir çox vətənpərvər mahnıları tanınmış müğənnilər tərəfindən ifa olunaraq dildən-dilə düşdü.
İlhamə Adil qızı 28 sentyabr, 1979-cu ildə  Bakı şəhərində anadan olub. Uşaq yaşlarında Oktay Zülfüqarovun rəhbərliyi altında “Tumurcuq” Uşaq Mahnı teatrının üzvü olub. Nazim Əliverdibəyov,Şövkət Ələkbərova və Vasif Adıgözəlovun münsifi olduğu qəbul imtahanından uğurla keçərək Bülbül adına orta ixtisas musiqi məktəbinə qəbul olur.Təhsil alıb və məzun olduqdan sonra Bakı Musiqi Akademiyasına daxil olub. Hal-hazırda Rafiq Babayev adına 25 saylı 11 illik Uşaq musiqi məktəbində müəllimə kimi çalışır (20 ildir).
Uşaq yaşlarından kiçik bəstələr yazıb və 2002-ci ildən artıq bəstələri müğənnilərin ifasında ruhumuzu oxşayır. Bir çox müğənnilərlə işbirliyi qurur, müxtəlif layihələrdə iştirak edib. İlk işlərindən Teymur Əmrahın ifa etdiyi “Sən görən əvvəlki cavan deyiləm” bəstəsi çox sevilib və çoxluq tərəfindən dinlənən mahnılardan olub.
Fəaliyyət göstərdiyi məktəbin dövlət tədbirlərinə bir-birindən gözəl əsərlər təqdim edib. Bunlardan Üzeyir Hacıbəyova həsr etdiyi: “Üzeyirin dünyası”, Arif Məlikova həsr etdiyi “Qəlbləri yaşadan bəstəkar”, Elza İbrahimovaya həsr etdiyi “Əlvida demirik sənə heç zaman”, Rafiq Babayeva həsr etdiyi “Rafiqin caz dünyası”, “Bəstəkarın ömrü” adlı bəstələri yazmışdı.
Vətənpərvər bəstəkarımız müharibə dövründə 10-dan çox bəstə yazır: sözləri Svetlana İmrana aid, Aytən Məhərrəmovanın ifasında Polad Həşimova həsr olunmuş “Vətən himni” əsərini, Aysel Nəsirzadənin şəhid analarına həsr olunmuş “Ağlama annem” şeirinə Gülzar Fərəcovanın ifasında geniş dinləyici kütləsinə təqdim olunur, daha sonra həmin müəllifin başqa bir əsərinə – “Sərkərdə” şeirinə bəstələnmiş mahnısını təqdim edir.

Bəstəkar bundan əlavə “Eşqi Zəhra” ilahi nəğmələr qrupunun ifasında “Azərbaycan”, Aytən Məhərrəmovanın ifasında sözləri Nazilə Rahib qızına aid olan “Mən şəhid olmuşam”, “Qarabağ” sözləri şair Vahid Əzizə aid olan, ifası Mənsum İbrahimova məxsus, sözləri Zeynəb Ədalətqızına məxsus “Qarabağ Azərbaycandır” mahnısı və başqa bu kimi biri-birindən gözəl əsərləri yaratmışdır.

 

 Şəhid Yüksəl Əlizadəyə həsr olunmuş sözləri Səadət Qəribə məxsus Azərinin ifasında “Zəfər ətri qəhrəman”mahnısı , sözləri Nazilə Rahibqızına aid olan Seyid Taleh Boradigahın ifasında “Şəhidlərə salam olsun” mahnısı ,  şəhid Şəhriyara həsr olunmuş, sözləri Aysel Nəsirzadəyə məxsus, Orxan Cavadın ifasında “Şəhidim Şəhriyarım” mahnısı, sözləri Nazim Məmmədova aid  Aytən Məhərrəmovanın ifasında “Zəfər çaldı əsgərlər” mahnısı, sözləri Əli Fətullazadəyə aid  Nihad Quluzadənin ifasında “Şuşa ” mahnısı və başqa bu kimi bir-birindən gözəl musiqilər dinləyicilərin ruhunu oxşamışdır.
Əsl azərbaycanlı xanım, qayğıkeş ana, savadlı bəstəkar İlhamə xanım özü də bu gün vətənə layiqli vətənpərvər oğullar böyüdür. Bu gün Azərbaycan gəncliyinin bu cür əsərlərə ehtiyacı var. Bu çətin missiyada dəyərli bəstəkarımıza uğurlar diləyirəm.
Aysel Nəsirzadə 
Müstəqil.Az
Share: