Azərbaycan “İsgəndər”lər haqda soruşur, Rusiya hansısa stabilizatordan danışır

Müəllif: Eynulla Fətullayev

Şuşanın 44 günlük müharibə zamanı “İsgəndər-M” operativ-taktiki raketlərindən atəşə tutulması faktının təsdiqlənməsi Azərbaycanın bütün milli gündəmini məşğul edib. Azərbaycana operativ-taktiki raketlər buraxan başıpozuq erməni generallarının məsuliyyətsizliyi ilə bağlı yaranmış hədsiz narajatlıqdan sonra başlayan qızğın mübahisələri həmin strateji silahın ölkənin digər şəhərlərinə də atıldığı barədə yayılan şaiyələr daha da qızışdırır.

Ancaq Azərbaycan hələ də Moskvadan bu başlıca suala cavab ala bilməyib-“İsgəndər-M” raketləri Ermənistanın əlinə necə keçib? Axı rəsmi məlumatlara əsasən Rusiya bu kompleksi öz müttəfiqinə verməyib. Ermənistana “İsgəndər-E” operativ-taktiki raket kompleksləri və onlara aid 300 kilometr mənzilli raketlər satılıb. Digər tərəfdən bu günə qədər mütəxəssislər raket kompleksinin atəş zamanı start mövqeyini dəqiq müəyyən edə bilməyiblər-Şuşaya raketlər haradan atılıb? Əgər “İsgəndər-M” kompleksindən atıblarsa, hansı ki, bu tapılan dəlillərlə tam sübut olunur, o zaman radiusu 3 min kilometrə çatan raketləri Ermənistan ərazisindən atmaya da bilərdilər.

Lakin Moskvada inadla susurlar. Rusiyanın strateji tərəfdaşlıq münasibətlər qurduğu dost Azərbaycanın bu dərin narahatlığına heç bir reaksiya yoxdur. Təkcə Peskov danışır. Ancaq Kremlin rəsmi nümayəndəsinin bəyanatı “növbətçi” ifadələrdən və yayğın formullardan ibarətdir. Sanki Pekov dost ölkənin deyil, hansısa yad ölkənin narahatlıqlarına və suallarına cavab verir. Ciddi laqeydlikdir və qorxunc soyuqqanlılıqdır.

Rusiya prezidentinin mətbuat katibi RİA Novosti üçün verdiyi şərhdə elə belə də deyib ki, jurnalistlər bu məsələ ilə bağlı ona müraciət etməli deyillər. Heç demə bütün regionda stabilliyi təhdid edə biləcək qorxunc silahın Ermənistana təchizatı ilə bağlı sual güc strukturlarına ünvanlanmalıdır. Lakin onlar da susurlar. Rusiya Müdafiə Nazirliyi Paşinyanın müharibə vaxtı işləməyən və “10 faiz partlayan” həmin “İsgəndər” raketləri ilə bağlı olduqca səmimi və təsadüfən səslənmiş bəyanatına ildırım sürəti ilə reaksiya vermişdi. Amma nədənsə indi Şuşa ətrafında tapılmış raket qalıqlarına-bariz dəlil-sübutlara reaksiya vermir. Hələ Azərbaycanda Bakı ətrafına atılan raketlər barədə dolaşan şaiyələri demirik.

“İsgəndər” raketləri ətrafında bütün mümkün diskussiyalara son qoymaq və məsələyə birdəfəlik aydınlıq gətirmək əvəzinə bir neçə saat əvvəl Rusiya hakimiyyəti Ermənistana tank stabilizatorlarının ehtiyat hissələrinin qeyri-leqal yollarla satışının qarşısının alınması barədə qəribə məlumat yaydı. Açıq-aşkar ələ salma deməsək də bunu tam absurd adlandıra bilərik!

Doğrudanmı “İsgəndər-M” raketlərinin Cənub hərbi dairəsinin anbarlarından “oğurlanması” və qeyri-leqal yollarla Ermənistana ötürülməsinə göz yumaraq,-ən azından haqqin.az-ın redaksiyasına ötürülən insayder informasiyanın müəllifləri belə iddia edirdilər,-Rusiya əməliyyatçıları erməni tankları üçün hansısa stabilizatorların axtarışına başlayıblar? Görünür rusiyalı əməliyyatçılar Azərbaycandakı həmkarlarının intellektini təhqir etmək istəyirlər. Əks halda nəyə görə həmin rusiyalı əməliyyatçılar 44 günlük müharibə ərzində hər gün Yerevana “İqla” zenit raketləri, “Kornet” tank əleyhinə raketləri, digər silahları daşıyan yüzlərlə Rusiya hərbi-nəqliyyat təyyarələrini görmürdülər? …Bu nə axmaqlıqdır belə? Uralda hansısa stabilizator tapıblar, amma Vnukovodan qalxan və strateji silahlarla dolu yük təyyarələrini görməyiblər? Rusiya güc strukturlarının əməkdaşlarına xas olmayan diletantlıqdır.

“İsgəndər”lərə cavab vermək əvəzinə hansısa stabilizatordan danışırlar…

 

Bu, nəsə düz alınmır, dostyana deyil, heç tərəfdaşlığa da sığmır…Və kriminal aləmin prinsipləri ilə də uzlaşmır.

Lakin hələ biz Bakıda, Peskov da Moskvada ümidimizi itirməmişik. Ola bilsin daha vacib işlərlə məşğuldurlar və nə vaxtsa bizə də cavab verəcəklər? Ola bilsin izah edəcəklər ki, nə vaxt kim “İsgəndər”lərlə Azərbaycana atıb? Yoxsa başlayıblar stabilizatorlar belə, stabilizatorlar elə…üstəlik ötən əsrin ortalarından qalma köhnə erməni tankları üçün.

Share: