Azərbaycanın görkəmli alimi, cərrah, akademik Böyükkişi Ağayev vəfat edib.
Azərbaycan Milli Elmlər AkademiyasındanEnter.News-a verilən məlumata görə, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M. Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında dünyasını dəyişib.
Böyükkişi Ağayev 1928-ci ildə Sabirabad rayonunda anadan olub.
Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərib. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində “Klinik cərrahiyyədən mühazirələr” dərsliyinin birinci hissəsini, 1982-ci ildə ikinci hissəsini yazıb çap etdirib. 1989-cu ildə isə “Cərrahi xəstəliklər” dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlayıb.
B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxını xaricdə çap olunmuşdu.
Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə edib.
Alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.