Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi, Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan” stendi ilə Parisdə Sen-Sülpis (Saint Sulpice) meydanında təşkil edilmiş “Çay şəhərciyi”ndə ölkəmizi təmsil edir.
Müstəqil.Az AZƏRTAC-a istinadla xəbər verir ki, “Aqrar Tədarük və Təchizat” ASC-in “Şəhərdən kəndə” adı altında qablaşdırılmış, ətirli Zaqatala və Astara çayları, müxtəlif növ mürəbbələr, meyvə quruları, ədviyyatlar, eləcə də şəkərbura, paxlava və qoğal nümayiş olunur. Stendimizin ziyarətçilərinin samovar çayımızı, eləcə də milli şirniyyatlarımızı, mürəbbələrimizi dadmaq imkanı olub. Təbii yolla qurudulmuş xurma və alma ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb. Zəfəran mürəbbəsini dadanlar təəccüblərini gizlədə bilməyib, heyranlıqlarını bildiriblər.
Ziyarətçilərə ölkəmizdə becərilən və istehsal olunan, xüsusilə də Zaqatala və Astara çay növləri, onların tərkibinin zənginliyi, milli çay mədəniyyətimiz və çay süfrəsi, çayın, meyvə qurularının məziyyətləri, faydası haqqında ətraflı məlumat verilib.
Stendimizdə “Aqrar Tədarük və Təchizat” ASC, onun məhsulları haqqında olan broşürlər, eləcə də Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, ədəbiyyatı, sənətkarlığı haqqında fransız dilində olan nəşrləri nümayiş olunub və ziyarətçilərə hədiyyə edilib.
Sentyabrın 29-dək davam edəcək “Çay şəhərciyin”də müxtəlif ölkələrin çayını dadmaq üçün xüsusi məkan yaradılıb və ziyarətçilərə çay bitkisi, onun mənşəyi, tarixi, dəmlənməsi üsulları haqqında məlumat verilir.
Xatırladaq ki, bu gün dünyada 35 ölkə çay istehsal edir. Çin (1.7 milyon ton), Hindistan (1 milyon ton), Kenya (369 min ton), Şri-Lanka (300 min ton), Türkiyə (225 min ton), Vyetnam (217 min ton) və Yaponiya (84800 ton yaşıl çay) çay istehsalına görə ön sıradadırlar.
Fransada ildə 20 min ton çay istehlak olunur və çayın illik dövriyyəsi 251.2 milyon avrodur.
Qeyd edək ki, bu gün dünyada hər saniyədə 10 min fincan çay içilir.