“Azərbaycan dili bu gün reanimasiyadadır, can verir”

“Azərbaycan dili bu gün reanimasiyadadır, can verir”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Mahnılarımız monitorinq aynasında” adlı tədbirində yazıçı Seyran Səxavət deyib.

Yazıçı dilin qorunması üçün təşəbbüslərin vacibliyini diqqətə çatdırıb.

“Mən xahiş edirəm, bu dili qoruyaq. Mən bu dilin xətrini hamıdan çox istəyirəm. Bu dil mənim hər şeyimdir. Hamımızın hər şeyidir. Ən məşhur mahnılarda elə sözlərə rast gəlirəm ki, şoka düşürəm. Oxuyan adam Xalq artistidir. Bəs bu adam oxuduğu mahnının sözlərini eşitmir?

“Şeir-sənət keşiyisən,

Göy Xəzərin beşiyisən,

Abşeronum mənim”.

Bu nədir? Şeir-sənət keşiyi nə deməkdir? Abşeron elə Xəzər dənizinin içindədirsə, necə Xəzərin beşiyi olur?

Yaxud;

Sən tel ol, mən daraq

Bir yerdə olaq.

Bu cür mahnıları oxuyan adamlar sözləri eşidəndə özləri özlərini başa düşürmü? Yox. Cümlə qurmaq dövlət qurmaq qədər çətindir, vəssalam”, – yazıçı əlavə edib.

Share: