BURA TÜRK TORPAĞIDIR
Mənim doğrularım var
Heç kim dəyişə bilməz.
Mənim susan dilimlə
Kimsə deyişə bilməz.
Mənim keçmişim ərən,
Mənim irsim uludu.
Mənim tarixim qədim
Oğuzların qoludu.
Mənim babam Xətai
Qorxu bilməz olubdu.
Bu vətən igidlərdən
Bizə miras qalıbdı.
Ayaq basma, ey yağı,
Torpağıma bir qarış!
Yurd-yuvan heç olmayıb,
Öz gerçəyinlə barış.
Türk qoxur bu torpaqlar,
Bu çəmənlər, bu düzlər.
Burda şəhid olubdu
Milyonlar, minlər, yüzlər.
O gördüyün ağaclar
Məlum olan gerçəklər.
Türk qanıyla böyüyüb
Otlar, güllər, çiçəklər.
Burda göylərə qalxıb
Anaların naləsi.
Şəhidimin qanından
Rəng alıb dağ laləsi.
Təpədən dırnağacan,
Altından üstünəcən,
Heykəlindən başlamış,
Kiçik bir büstünəcən
Dili olsa danışar
Qayası da, daşı da
Tarixindən bəllidir
Bu dünyaya yaşı da.…
MƏNƏ BU DÜNYANI TƏRİF ETMƏYİN
Nə qədər yalançı şahlıq eyləyir,
Nə qədər riyakar qula çevrilib.
Qiyməti əvəzsiz xətir-hörmət də
Yaltağın gözündə pula çevrilib.
Necə ucuzlaşıb yıxılıb ölmək,
Yıxılıb bir gözdən ölə bilirsən.
Bir az maddi gücün yüksək olanda
Yoxsulu özünə kölə bilirsən.
Çox heyif dünyada olub, bitənə,
İnsanın insana zülmünə bax.
Dünyaya günahsız gələn körpənin
Ac-susuz, çarəsiz ölümünə bax.
Ədalət adıyla hökm verilir,
Ədalət olmayan yerin üzündə.
İndi tərəzilər doğru göstərmir,
Hiylə var düzlüyü çəkən gözündə.
Burda mərhəmətin üzü dönübdü,
Burda düz danışan düzlərdə qalır.
İndi ədalət də, doğru da, haqq da
Bir neçə bəzəkli sözlərdə qalır.
Mənə bu dünyanı tərif etməyin
Yalanın papağı düz qoyulursa.
Haram da, rüşvət də, yalançılıq da
O yerdə ən ali iş sayılırsa.
YOX
Saçlarım dağınıqdır,
Toplamağa həvəsim, yığmağa halım da yox.
Mənim yalan dünyada zərrə məlalım da yox.
Baha olan çox şeyə sahib oldum həyatda,
Baxarsan üst-başıma cahı-cəlalım da yox.
Yalana əl çalanda arif adam olarsan,
Düzə düz olan zaman qram kamalım da yox.
Mən razıyam ağlıma şübhə etsin ağlı yox,
Mən doğrumdan dönməyim, başqa amalım da yox.
Pislik nədir, başımı qata bilmərəm heç vaxt,
Mənim qısa ömrümdə buna macalım da yox
insan kimi yaşayım, ağlım, huşum yerində
İnsan kimi də ölüm, qeyri xəyalım da yox.
YOLUN DÜŞMƏSİN KAŞ
Mənə dünya dediklərim
Cəhənnəmi yaşatdılar.
Hər xoşbəxtlik gülüşümün
Arxasınca daş atdılar.
Könül açıb yer verdiyim
Ürəyimdə qalmadı bir.
Həyat eşqin qatarına
İkimizi almadı bir.
Mənim dünyam deyilsən sən,
Mənim dünyam yerlə birdi.
Mənim evim yoxdu, gəlmə,
Son ünvanım boş qəbirdi.
Mənim bəxtim gətirmədi,
Bəlkə sənin bəxtin ola.
Bir də gəlmə, mən daxilən
Çoxdan səni saldım yola.
Çox çətindi silmək səni
Hər arzumdan, diləyimdən.
Bir də yolun düşməsin kaş
Mən qovduğum ürəyimdən.





















