Bir Adın Rəsmi
Adımın içində göz yaşım gülür
Yarpaqlar adımın yuxusun yozur.
Yolçular ayrılıq dərir adımdan
Adımda darıxır qərib bir yazı.
Adımın bir üzü gecədi, keçir
Bir üzündə sabah böyüdür adım.
Bir üzü itmiş taleyin axtarır,
Bir üzündə sınır, düşür qanadı.
Hər adın üzündə gecə düşmür, eyy!
Hər adın göy üzü, sabahı olmur.
Adımın bir üzü yol çəkən gözdür,
Bir üzü hər fəsli körpə yoldur.
Sən mənim adımı çağıranda, bil.
Axşamı sabahı bir çağırırsan
Tək ad çağırmırsan, o adla birgə
Göy üzündə açılan sirr çağırırsan!
Daha nə deyim ki? Bu adda nə yox?!
İtkin düşən pəncərələr bu adda!
Bu adın içində bitir ayrılıq
Bu adın içindən göyərir həyat da!
Bir gün mən olmasam, çağır adımı!
Adımın torpaqdan yuxusunu dər!
Adımı qucaqla, doyunca ağla
Hərdən göy üzündən qoxusunu dər…






















