Ay Allah, gəl yeni məxluq yaradaq,
Mən palçıq gətirim, sən su hazırla.
Düzəlt əllərini, ayaqlarını,
Düzəlt bədənini, başını düzəlt,
Əl saxla, ağlını mən özüm verim.
Düzəlt gözlərini, qulaqlarını,
Saçını, üzünü, yanaqlarını.
Düzəlt ağzını, həm dodaqlarını,
Əl saxla, dilini mən özüm verim.
Ona ciyər düzəlt, sən böyrək düzəlt.
Sinə, qarın düzəlt, sən kürək düzəlt.
Nəyi düzəldirsən, sən tək-tək düzəlt,
Əl saxla, ürəyin mən özüm verim.
Ona eşitmək ver, düşünmək də ver,
İstəsən ağlamaq, sən gülmək də ver.
Ona ömür də ver, lap ölmək də ver,
Əl saxla, vicdanın mən özüm verim.
Məsləhətsə dostluq ya ver, ya vermə
Nifrət rəvadırsa ya gör, ya görmə.
Allahsan, daha nə istəsən, durma…
Əl saxla, sevgini mən özüm verim.