“Atamın məzarın əsir qoymuşam…”-Aynur Yasəmən Əliyeva…

Müstəqil.Az Aynur Yasəmən Əliyevanın şeirlərini təqdim edir:

SEVGİMİZ GÖZÜMƏ KÖRPƏ GÖRÜNÜR

Burda sevgi dağın bürüyübdü çən,
Duman asta-asta yola sürünür.
Bu qoca dünyayla tay-tuşam sanki,
Sevgimiz gözümdə körpə görünür.

Ərköyün uşaq tək ovunmuram heç,
Yaşanan günlərin həzin mehiylə.
Yanağım nəm çəkir göz bulağından,
Ürəyim soyuyur onun şehiylə.

İntihar kəndirin salıb boynuna,
Məhəbbət can üstə, dodağı əsir.
O, qala sevginin bünövrəsinə,
Əllərim güvənib kəndiri kəsir.

 

MƏZARINDA BİTMİŞƏM

Göz yaşlarım yosun bağlar gözümdə,
İlmə-ilmə iliyimə işləyər.
Tay-tuşum atadan danışan zaman,
Qəhər gələr dodağimı dişləyər.

Yanar qəlbim həsrətinin odundan,
Alovumda şaçım bişər, ah çəkər.
Rəngi hopar saçlarıma fəryadın,
Qara günlər tellərimə ağ əkər.

Bu dünyada çəkdiklərin yetmədi,
Yetim qaldın, evsiz qaldın, tək qaldın.
Bu qədərmi bezdin əl üzdün ata,
Yenə orda qərib oldun, tək qaldın.

Bilirsənmi hayandayam, hardayam,
Gözkənarı qırışında itmişəm.
Darıxanda torpaq üstdə ota bax,
Ruhən qaçıb, məzarında bitmişəm.

 

 

ATAMİN MƏZARİN ƏSİR QOYMUŞAM
Biz ata məzarını ziyarət etmək necə olur bilmədik.

Hamı bayram vaxtı ayaqlanıbdı,
Hər kəs məzar üstə axın eyləyir.
Kimisi Bakıdan rayona gedir,
Uzanan yolları yaxın eyləyir.

Dilində duası, əlində gülü,
Hərə öz ölüsün yad edir tək-tək.
Daşlara sarılan övlad harayı,
Daşdakı şəkili edibdi kövrək.

Qol açır, sarılır daşa qız, oğul,
Analar, atalar buz kəsir orda.
Bir zaman istisi övlad isidən,
İndi buza dönüb, daşlaşıb gorda.

Bir əsir məzarlı atam var mənim,
Ziyarət etməmək dağlayır onu.
Beş qızdan, oğuldan etibarlıdır,
Göy otlar, çiçəklər ağlayır onu.

Bu bayram nə daşı, torpağı qucdum,
Atama laqeyid övlad olmuşam.
Niyə laqeyidəm bilirsinizmi,
Atamın məzarın əsir qoymuşam!

Müstəqil.Az

Share: