“Aqşin romanında mənə böyük hörmətsizlik edib” – Faiq Balabəyli “Cümlə axşamı”nda

Müstəqil.Az AzNews.az-ın  “Cümlə axşamı” layihəsində yazıçı-tərcüməçi Faiq Balabəyli ilə müsahibəni təqdim edir.

– Faiq bəy, nə vaxtdan yaradıcılıqla məşğulsan?

– Orta məktəbdə oxuyurdum ilk şeirimi yazanda. Dostlarıma, sinif yoldaşlarıma, onların qoca nənələrinə həcvlər də yazırdım. Əgər buna yaradıcılıq demək mümkündürsə. İlk dəfə “Qazan dağı” şeirimi isə 1984- cü ildə Cəlilabadda nəşr olunan “Yeni gün” qəzetində mərhum yazıçımız Böyükxan Bağırov dərc edib.

– Doxsanıncı illərdə ədəbiyyata gələnlərdənsən. Səni o nəslin içində seçilən şairlərdən saymaq olarmı?

– Mən özümün ədəbi taleyimdən heç vaxt nigaran olmamışam. Baxmayaraq ki, bu gün də yazmaq mənim hobbimdir. Yəni mən “Dahi yazıçı olaraq tanınım” deyə fikirləşməmişəm, heç fikirləşmirəm də. Nədir, budur, kiməmsə buyam. Boyumdan yuxarı tullanmamışam. Oxunuram, ya az oxunuram, bu da umurumda deyil. Amma özümün o nəslin də, ondan qabaqkı nəslin də, sonrakı nəslin də içində, ciddi imza sahibləri arasında görürəm. Ədəbiyyat zövqdür, yazdıqlarım kiminsə zövqünü oxşamayıbsa, bundan da gileyli deyiləm. Guya mən hər kəsi oxuyuram ki… Düzdür, məndən daha çox oxunan, adı hallanan, haqqında bəhs olunan yazarlar var. Əgər o yazarların əsərlərini oxumuşamsa, bəyənmişəmsə, bu yazıları da xoş qarşılayıram. Yox, əgər o yazarlar hansısa qrupun, dəstənin məqsədli şəkildə bir-birini tanıtım siyasətinin məhsulu kimi yazılırsa, zövqümcə deyilsə, heç vədə vaxtımı buna sərf etmirəm. Heç bir ədəbi quplaşmada deyiləm, olmamışam. Haqqımda yaz, haqqında yazım və sair, deməmişəm. Bəyəndiyim yazarlar haqda sözümü demişəm, müsahibələr almışam və sair. 50 yaşımın ərəfəsində Əsəd Cahangir kitablarımı alıb ki, haqqında yazacam, yazmayıb. Elə o ərəfədə də Şərif Ağayara 50 yaşıma bir söz yaz demişəm, yazmayb və heç birindən də inciməmişəm. Çünki əsərləri, yazıları ürəyimcədir. Məni onların oxucusu hesab etmək olar və xatirlərini də çox istəyirəm.

– Bir qələm adamı kimi səni narahat edən nədir? Niyə yazırsan?

– Məni narahat edən bir çox məsələlər var. Amma qələm adamı kimi yox, bir insan kimi, Azərbaycan vətəndaşı kimi. Məsələn, mən basqı altında yaşamağı sevmirəm və təzyiqə, təhdidə, təhqirə məruz qalanları da daima müdafiə etmişəm və edirəm də. Haqqın yanında olmaq istəmişəm. 2003-2004-cü illərdə Qərb və Avropa mətbuatı İslam dininə, onun peyğəmbərinə həqarət və təhqir yağdıranda, bunu söz azadlığı kimi qələmə verəndə, dini ritualların heç birinə riayət etməyən mən bütün inanclı adamlardan üzr istəyərək böyük xristian dünyasına elə onların öz dilində cavab verdim. Baş redaktoru olduğum “Yeni Xəbər” qəzetində bizi ölümlə hədələmək dərəcəsinə çatdıran bir yazı dərc etdim. Əməkdaşımız Natiq Muxtarlının qələmə aldığı o yazı redaktor olaraq mənim çox böyük təzyiqlərə, təhdidlərə məruz qalmağıma səbəb oldu. Eyni zamanda həyatın dibində olan, səfalət içində yaşayan insanların “ovuna” çıxdım, “İnsan taleyi” v”Səfillər” layihələrində 10-larla yazılar, hekayətlər yazdım. Niyə yazırsan, soruşursan. Bax yazdıqlarım da əsasən buna görədir. Biləndə ki, yazdığım hansısa hekayətdən sonra aranıb, axtarılıb həmin səfalət içində yaşayan adam tapılıb, qocalar evində yerləşdirilib, qohum-əqrabası, yaxını sahib çıxıb, bir qədər rahatlanıram. Elə şeirlərim də ürəyimdən keçən, müşahidələrimin son ucu olan, yazmasam olmaz qənaətinə gəldikdə qələmə alınır.

-Belə bir fikir var ki, hər şairdən geriyə iki-üç şeir qalır. Səndən geriyə neçə şeir qalacaq? Hansılardır?

– Doğrusu deyə bilmirəm, hansı şeirlərim, hekayə və hekayətlərim, povest və romanım yaddaşlarda qala biləcək. Hər bir yazarın əsəri onu əsrlər boyu yaşatmır ki… Amma bu gün şeirlərimi, digər janrlarda olan yazılarımı oxuyanlar, zəng edənlər, sosial şəbəkədə də olsa axtarıb tapanlar, kitabımı istəyənlər varsa, bir qədər rahat yaşamaq olar. Həm də dedim axı, mən ədəbiyyata hobbi kimi baxıram, çox uzaq illərdə oxunacam deyə fikirləşmirəm də.

– Cəlilabaddan Salam Sarvan, Aqşin Yenisey kimi iki ciddi imza çıxıb. Özünü şair kimi onların cərgəsində görürsən?

-Salamla mənim az qala 40 il olacaq dostluq münasibətim var. Aqşini də tələbəlik illərindən tanıyıram və hər ikisini çox istəyirəm. Aqşinə bacıoğlu kimi baxıram, elə bilirəm mənim yaxın qohumumdur. Düzdür, o bir romanında mənə qarşı çox böyük bir hörmətsizlik edib. Amma mən onu doğrudan çox istəmişəm və istəyirəm də. O ki qaldı cəlilabadlı ciddi imzaya, mən sənin adlarını çəkdiyin qələm adamlarından savayı şairlərdən Saday Şəkərlini, Əlizadə Nurini, Əlirza Həsrəti, yazıçılardan Meyxoş Abdullahı, Cavid Zeynallını da əlavə edərdim. Sadəcə kimlərsə qiymətini vaxtında ala bilir, bunun obyektiv və subyektiv səbəbləri var, kimlərsə yox. Sualınıza konkret olaraq belə cavab verərəm, dediyin və demədiyin imzaların sırasında özüm də, oxucular da məni görür. İndi kimlərsə haya düşüb kimlərisə oxuyur, kimisə oxumur, bu o demək deyil ki, kimsə hansısa sırada, cəlilabadlılar demiş vərgədə yoxdur.

-Həbsxana həyatı yaşamısan. Sirr deyilsə nəyə görə həbs edilmişdin?

– Rəsmi ittihama görə 311.1 maddə ilə, rüşvət almaya görə həbs olunmuşdum. Əslində isə həbsimə səbəb tamam başqa şey idi.

– Həbsxana həyatın barədə “Bayıldan bayıra” adlı kitab yazdın? Kitab necə qarşılandı? Bizdə adətən kriminal aləmlə bağlı kitablar ciddi maraq doğrur. Bu mövzuda yazmaq istəyərsənmi?

-Kitab doğurdan da yaxşı qarşılandı, satışı da yülsək səviyyədə oldu. Mənim yenicə tamamladığım “Bakirə qayalar” romanım da əslində elə bu mövzudadır. O ki qaldı kriminal aləmlə bağlı kitabların maraqla qarşılanmasına, əgər əsər maraqlı deyilsə, yaxşı yazılmayıbsa bu maraq da ötəri ola bilər. Bu əsərlər həyatın görünən, daim qarşılaşdığımız, çoxunun qələmə almaq istəmədiyi bir yaşantının təqdimidir. “Lənətlənmiş həyat” povestimin oxucularının mənə yazdıqları, dedikləri zəhmətimin bada getməməsindən xəbər verir.

-Hansısa vəzifə adamına və ya kiməsə nəyinsə qarşılığında şeir yazmısan?

-Yox, yazmamışam. Belə hal olmayıb. Dostlarıma isə bir neçə şeir həsr etmişəm. Dünyasını dəyişənlər, dənizçi dostlarım və 5 şair dostuma – Vasif Süleyman, Elçin İsgəndərzadə, İbrahim İbadoğlu, İlham Qəhrəman, rəhmətlik Ədalət Əsgəroğluna – şeir yazmışam. Sabir Rüstəmxanlıya poema həsr etmişəm. İlham Qəhrəmanın vaxtı olmayıb, amma digər şairlər mən həbsdə olanda məni tez-tez yoluxub. Yaxın dostlarıma yazmışam yəni şeirləri.

-Yalandan təriflədiyin şeir, hekayə, roman olubmu?

-Yox, bu da olmayıb. Əgər tərifləmişəmsə demək çox xoşuma gəlib. Mənim xoşuma gələnlər kimin üçünsə zəif ola bilər. Amma mən həmişə səmimi olmuşam. Mənim belim əyilməyib, dilim topuq vurmayıb və bunun da bəlasını çəkmişəm.

-Səni yalandan tərifləyən olubmu?

– Vallah, bilmirəm, məni tərifləyənlər çox olub. Təkcə yaradıcılığımı yox ki… Məni insan kimi, dost kimi, 20 Yanvar hadisələrinin dənizdəki qəhrəmanlarından biri kimi və sairə kimi tərifləyiblər və baxıb görmüşəm ki yanılmayıblar (gülür).

– Tənqidə dözümlüsən?

– Tənqid etsələr bilərəm dözümüm var buna, yoxsa yox. Hələ tənqid olunmamışam. Ayxan Ayvazın kitabımın təqdimatından sonra Kulisdəki bir az zarafat, bir az ciddi, ironik reportajını çıxmaq şərti ilə.

-Bildiyim qədəri ilə gəmidə çalışırsan. Hansı daha maraqlıdır, şair həyatı, gəmiçi həyatı?

– Mən peşəkar dənizçiyəm. Uzaq səfərlərdə olmuşam. Gəmi kapitanıyam. Dənizi və dənizçi sənətini çox gözəl bilirəm. Dənizçi həyatı mənim həyatımdır və bu çox maraqlıdır. Şair həyatı isə yoxdur. Şair işləmirsən ki, şairlik peşə deyil… Şairlik nədirsə, ifadə etmək çox çətindir. Bu ömrün, həyatın müəyyən anlarında yaşanır və mən o zaman nəvəm Dəniz kimi saf oluram, inanıram, sevincli oluram, incik oluram və sair…

– Oğlun Tural da şairdir. Onun şair olmağına sevinirsən, ya üzülürsən?

-Tural həm də dənizçidir. Təfəkkür Universitetinin maliyyə-kredit və ümumi iqtisadiyyat, BSU-nun yaradıcılıq fakültələrini bitirib. Hazırda Azərbaycan Dövlət Dəniz Akademiyasında Naviqasiya mühəndisi fakültəsinin 3-cü kurs tələbəsidir. İki şeir kitabının müəllifidir. Sözlərinə mahnılar yazılıb. İki şeirini İfrat və Ruslan Səfərli adlı bəstəkarlar oğurlayıb öz adlarına çıxıb, mahnı yazıblar. Hər ikisi hit olub. Yazdıq, sübut etdik, nə vaxt dərc olunduğunu qoyduq ortaya, etiraf etdilər. Lakin “həryerədəbiyyat” və sair hay-küyləri salanlar da, qələm adamları da onun haqq səsinə səs vermədilər. Çünkü mənim kimi heç bir qrupda deyil, “sən mənə kömək ol, mən sənə kömək olum”dan uzaqdır. Şairdi, yaxşı şeirləri var. Vaqif Səmədoğlu, Aqşin Yenisey, Əsəd Qaraqaplan birinci kitabına xoş sözlər yazmışdılar.

Mən onun şair olmasına o qədər yox, mənim oğlum olmasıma sevinirəm. Yaltaqlığı, riyakarlığı bacarmır, bu bəsdir.

Mirmehdi AĞAOĞLU,

AzNews.az

Share: