ZƏNGİLANIN İŞĞAL OLUNMASINDAN 26 İL ÖTÜR
Son zamanlar çox darıxıram.Vətən həsrəti , el – oba nisgili ürəyimi qovurur.Böyüdükcə dərk elədim anamın göz yaşlarını,söylədiyi ağıları ,yuxusuz gecələrini, atamın 1 ay içində dümağ olan saçlarını.İlahi, həsrətlərin ən ağır imiş Vətən həsrəti. Doğulub boya- başa çatdığın torpağı, o torpaqda illərlə əziyyət çəkib qurduğun ev-eşiyi,əzizlərinin,doğmalarının məzarını qoyub gəlmək necə əzab verirmiş insana.Hər dəfə o torpaqlara dönəcəyik ümidilə yaşamaq qədər acı ümid ola bilməz.İllər keçir üstündən, vətən həsrətiylə, Qarabağ həsrətilə dünyasını dəyişən, məcburi köçkün düşən soydaşlarımızın yəqin ki,ruhu o torpaqlara qovuşdu.Yenə də ümidimizi kəsmirik.Ümid edirik ki,ən yaxın zamanda torpaqlarımıza qayıdacağıq. Tez- tez yadıma düşür-balaca idim, çay qırağından keçib rəhmətlik nənəmgilə gedəndə yarpız qoxusu, təbii bitkilərin,güllərin-çiçəklərin gözəl ətri gəlirdi.Oturub yaxınlıqdakı çinar ağacının altında dincimizi alanda anam məni qucaqlayıb gözündən yaş axa –axa dərindən nəfəs alaraq dedi ki, “hara getsək də, bu torpağın, bu havanın qoxusunu, bu yarpızın, bu gül-çiçəyin qoxusunu unutmayacağıq, doyunca bu havanı çək ciyərlərinə”. O vaxtdan bəri, vətənimin qoxusunun həsrətindəyəm.
Anam ayrılığın olacağını hiss etmişdi.Çünki, həmin vaxtlar ermənilər bizim rayonu,kəndi tez-tez atəşə tuturdular.Xocalı faciəsi baş vermiş,ürəklərə dağ çəkilmişdi,bütün Azərbaycan yasda idi.İndiki işğal olunmuş rayonlar artıq boşaldılmış, soydaşlarımız el-obasından didərgin düşmüşdü..Sonuncu Zəngilan rayonu qalmışdı ki,o da hər tərəfdən mühasirəyə alınmışdı . Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhalinin əlacı ov tüfənglərinə qalmışdı.Onlar yalnız ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici dəstəkçilərinin köməyilə mükəmməl silahlanmışdılar.Gedişat onu göstərirdi ki,məcburi köçkünlük, vətəndən, eldən, obadan didərgin düşmək bizim də taleyimizdə var. Elə də oldu. Anamın sözlərindən heç bir həftə keçməmişdi ki, ermənilər bizi də rayonumuzdan- doğma yurdumuzdan didərgin saldılar.Heç gözlərimin önündən keçmir, təzə 1 ay olardı 1-ci sinifə başlamışdım,o qədər güllə səsinə rəğmən hələ də məktəbə böyük həvəslə gedib gəlirdik.Bir gün də məktəbdən çıxıb bacım və sinif yoldaşlarımla evə gəlirdik ki,yolda anam bizi qohum-əqrabanın da güclə sığışdığı böyük bir maşına mindirdi.Güclə bir küncə qısılıb qalmışdıq,gözümüzdə qalmışdı atamızda.O, bizimlə gəlmirdi, qalıb kişilərlə kəndi qoruyacaqdılar.Əli yalın artıq necə olacaqdı ,necə silahlı ermənidən Zəngilanı qoruyacaqdılar, bilmirəm, ancaq onu bilirəm ki, gözümüzü həsrətlə itirmək qorxusuyla atamıza dikərək ağlaya-ağlaya vətəndən ayrıldıq.Necə əzablı günlər idi, İlahi, yazsam, yaşadığımız o acı günləri bir -bir qələmə alsam, kitablara sığmaz bəlkə də.
Aprel şəhidlərinə həsr etdiyimiz “VƏTƏN MÜCAHİDLƏRİ” kitabını yazandan bəri vətən həsrəti,vətənə qovuşmaq arzum daha da artıb.Çünki vətən uğrunda necə oğulların şəhid olduğunu öyrəndikcə dərk edirsən ki,o vətənə ,Qarabağa qovuşmaq haqqımızdır, tezliklə biz öz torpaqlarımızı geri qaytarmalı, öz yurd-yuvamıza sahib çıxmalıyıq.
Bu gün Zəngilan rayonunun işğalından 26 il ötür.Səbrimiz getdikcə daralır.Müvəqqəti məcburi köçkün adını daşıyan zəngilanlılar artıq öz yurd-yuvalarına qayıtmaq istəyir.Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yataqları və s. var ki, hal- hazırda ermənilər mənimsəyib istifadə edirlər.
Zəngilan düzənliklərin, yüksəkliklərin, çay axarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəkkəb, həm də maraqlı, göz oxşayan yer quruluşuna malikdir. Rayonun ərazisi coğrafi mövqeyinə, iqlim və təbiətinə görə digər bölgələrdən fərqlənir. Ərazinin özünəməxsus iqlimi və təbiəti vardır. Zəngilanın Bəsitçay çayı hövzəsində böyük bir ərazidə təbii çinar meşəsi mövcuddur. Təbii Çinar meşəsi sahəsinə görə dünyada ikinci, Avropada birinci olan dünyaşöhrətli füsünkar bir məkandır. Zəngilan rayonu Respublikada ərazisindən dörd daimi axarlı çay keçən yeganə, unikal bir ərazi vahididir. Təbii iqliminə, yeraltı qızıl, mərmər yataqlarına, yerüstü münbit torpaqlarına, əsrarəngiz təbiətinə görə Zəngilan həqiqətən qızıl Zəngilandır.
Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə erməni sillahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular. Zəngilan aramsız düşmən hücumlarına mərdliklə sinə gərərək iki ay mühasirədə qalan, bölgənin sonuncu olaraq, döyüşə-döyüşə tərk edən mətin, dəyanətli oğullar yurdudur. Bu gün Zəngilanın işğalından 26 il ötür.Dilə asan gələ bilər, ancaq, 26 il az zaman deyil.Səbrlər tarıma çəkilir, yurd- yuva həsrəti ürəklərimizi ağrılara düçar edib.
İndi sənin çınqılının,daşının,
Yazda səpələnən yaz yağışının,
Barlı payızının,soyuq qışının,
Həsrətin çəkirik həsrətin, vətən.
Ümidvaram ki,həsrət qoxan şeirlərimiz bir gün qələbə qoxusuyla ətirlənən şeirlərlə əvəzlənəcək.
Öz el- obalarından didərgin düşən soydaşlarımız dövlətimiz və xalqımız tərəfindən nə qədər qayğı və diqqət göstərilməsinə baxmayaraq, onlar yurd həsrəti ilə çırpınırlar.Biz əminik ki, tezliklə öz yurd –yuvamıza qayıdacağıq və gələn il bu vaxtları Zəngilanın işğal olunma il dönümündən deyil, məcburi köçkünlərin öz yurd- yuvalarına yerləşdirilməsindən,vətən həsrətinin bitməsindən yazacağıq.
Aysel Nəsirzadə
Müstəqil.Az