Allah eşqinə, bizə kömək edin…

Allah eşqinə, bizə kömək edin…

Maraqlıdır, Fövqaladə Hallar Nazirliyinin qaynar xəttinə yaşadığım Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal 143 A binasındakı yanğınəleyhinə avadanlıqların bərbad halda olduğu, mərtəbələrdə təxliyyə çıxışlarının qapadıldığı baradə dəfələrlə müraciət etsəm də, oradan yoxlamaya gələn sahə müfəttişi, mayor Bəylər Mehdizadə faktları şəxsən təsdiq etsə də sonda heç bir nəticə olmur ki, olmur. Mənə FHN-nin 1-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin(ƏDYNİ) rəisi Ayaz Eyyuboğlunun adından göndərilən 1 iyul 2026-cı il tarixli birinci məktubda görün nə yazılıb?

“Əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilən zaman müraciətdə qeyd olunan faktın öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Müraciətdə qeyd edilən məsələ ilə bağlı müvafiq tədbir görülməsi üçün tərəfimizdən Binəqədi rayon İH-yə və Azərişıq Səhmdar Cəmiyyətinə 22 iyul 2026-cı il tarixli məktublar ünvanlanmışdır.”
Yenə də 1-ci ƏDYNİ-nin rəisi vəzifəsini icra edən Fərid Qonaqovun adından göndərilən 31 iyul 2026-cı tarixli ikinci cavab məktubunda isə görün nələr yazılıb?
“Əməkdaşlarımız tərəfindən sözügedən ünvana baxış keçirilən zaman müraciətdə qeyd olunan faktın öz təsdiqini tapdığı müəyyən olunmuşdur. Yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş pozuntulara yol verdiyinə görə sözügedən yaşayış binasının komendantı Əliyev Şamil Ağa oğlu inzibati məsuliyyətə cəlb edilmiş və barəsində İnzibati xəta haqqında protokol tərtib edilmişdir.”
Belə yerdə deyirlər də- Yalançının evi yansın. Əvvəla məktubda adı hallanan komendant Şamil Ağa oğlu Əliyev binamızı idarə edən “Binəqədi-38” MMMC-də rəsmi əmək müqaviləsi olmadan çalışır. Odur ki, FHN-in nümayəndəsi binadakı yanğın təhlükəsizliyi və ya texniki nöqsanlara görə əmək müqaviləsi olmayan komendantın şəxsən özünə cərimə yaza bilməz. FHN-in müfəttişləri tərəfindən binada aşkarlanan hər hansı bir nöqsan- məsələn, yanğın çıxışlarının qapalı olması, yanğınsöndürmə sistemlərinin işləməməsi və s. binanın idarəedici orqanına, yəni “Binəqədi-38” MMMC-də yeganə hüquqi şəxs Eldar Səfərova qarşı protokollaşdırıla bilər. Çünki binanın saxlanılması və təhlükəsizliyinə görə qanun qarşısında komendant fərdi olaraq yox, onu rəsmi əmək müqaviləsi olmadan işə götürən rəsmi qurum- “Binəqədi-38” MMMC məsuliyyət daşıyır. FHN cəriməni komendantın adına yox, binanın idarəedən şəxsin adına kəsə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən isə, işçini rəsmi əmək müqaviləsi olmadan işlətməyə görə binanı idarə edən şəxsi çox ağır cərimələr gözləyir: Hüquqi şəxslər üçün: 20 000 manatdan 25 000 manatadək cərimə. Vəzifəli şəxslər üçün isə: 3 000 manatdan 5 000 manatadək cərimə…
Mənə bilirsiniz nə maraqlıdır? Binamızda yanğınəleyhinə avadanlıqların bərbad halda olduğunu, yanğın baş verərsə sakinlərin çarasiz qalacağını yaxşı bilən, binamızda yaşayan, FHN-nin mühüm idarələrindən birinə rəhbərlik edən polkovnik qonşumuzun bu problemlərin aradan qaldırılması istiqamətində nəyə görə heç bir addım atmamasıdır. Əksinə, o özü elektriklə işləyən şəxsi avtomobilini qanunsuz quraşdırılan elektrik şarjından istifadə edərək idarə edir. Bununla da, o özü də binada yanğın təhlükəsi yaradır. Belə olmaz!..
Üzümü ölkənin aidiyyati orqanlarına tutub, “Binəqədi-38” MMMC-də baş verən problemlərin həllində Mir Cəlal 143 A binasının sakinlərinə yardım etməyə çağırıram…
Elman Eldaroğlu
Share: