Həkimlər mənə səhhətim haqqında heç nə demirlər, amma görürəm ki, vəziyyətim pisdir, ölümcül haldayam.
Bu sözləri Kult.az-a açıqlamasında Xalq artisti Yalçın Rzazadə deyib. O, son günlər səhhətində yaranan problemlər barədə danışıb:
“Hazırda Mərkəzi Dənizçilər Xəstəxanasındayam. Bir neçə gündə nə qədər xəstəxana gəzmişəm. Vəziyyətim çox gərgindir. Neçə gündür ölümcül vəziyyətdə xəstəxanada yatıram, vəziyyətim gərginləşir. Öd kisəmdə problemlər var, mədəmdə yaralar əmələ gəlib. Müalicəm davam edir. Dörd saatdır ki, uzanmışam, yeriyə bilmirəm. Demək olar ki, o Yalçından əsər-əlamət qalmayıb”.
Xalq artisti özünə qarşı olan laqeyd münasibətdən gileylənib:
“Məni məhv edən bu xəstəlik yox, şəxsimə qarşı olan diqqətsizlikdir. Mən bütün həyatımı Azərbaycan xalqına, musiqisinə, mədəniyyətinə xərcləmişəm. Hesab edirəm ki, buna qarşılıq da olmalıdır. Hazırda mən özümü kimsəsiz, heç kimə lazımsız sənətkar hesab edirəm. Çünki bir neçə gündür ordan-ora gedirəm. Cəmi bir neçə dostum gəlir. Mən diqqətdə olan sənətkar idim. Belə kimsəzilik, biganəlik… Allah mənə ömür versə, yaşasam, bundan sonra da şərəfli yaşamağa çalışacağam. Mən indi heç kimə lazım deyiləm”.
Qeyd edək ki, bundan əvvəl Trend Yalçın Rzazadənin səhhətinin pisləşdiyini yazmışdı.