Ağasif Şakiroğlu: “Milli birliyi pozmaq istəyənlər başları üzərində dəmir yumruq görmüş olacaq!”

“BŞDYPİ-nin fəaliyyətini buna misal göstərmək olar” – Ağasif Şakiroğlu

Ölkədə aparılan islahatlar  sizi qane edirmi?

Bu və digər mövzularla bağlı müxalif Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu qonağımız olub və suallarımızı cavablandırıb. Məlum müsahibəni sizlərə təqdim edirik:

⁃ Salam Ağasif bəy. Təklifimizi qəbul edib gəldiyiniz üçün sizə minnətdarıq. Siyasi lider olaraq ölkədə görülən təmizləmə siyasətini islahat hesab etmək olarmı və bu islahatlar sizi qane edirmi?

Çox sağ olun dəvət üçün. Sualınıza cavab olaraq bildirmək istərdim ki, bəli ölkə boyu xalqa deyil, özünün maraqları naminə çalışan məmurlardan təmizləmə prosesi gedir. Bu əsl islahatdır. Prezident İlham Əliyev 2019-cu ilin əvvəlindən ölkə miqyasında başlatdığı islahatları görməmək sadəcə mümkün deyildir. Ümumilikdə aparılan islahatlar çox şaxəlidir desək lap doğru olardı. Bu islahatların nəticəsidir ki, xalqımız bir qədər rahat nəfəs ala bilib.

Korrupsiyaya qarşı, rüşvətə qarşı, məmur özbaşınalığına qarşı aparılan mübarizə bu islahatların təməl prinsiplərini təşkil edir. Ölkə tədricən şəffaflığa doğru gedir və bu məni müxalifət lideri olaraq sevindirir.
Təmizləmə, antikorrupsiya tədbirləri, məmur özbaşınalıqları və ən əsas şəffaflıq üzərində qurulmaqda olan dövlət qurumları görürük.

⁃ Sizcə hansı sahələrdə islahatlar özünü göstərir?

Bilirsiniz, proses hələ bitməyib. Proses davam edir. Bir sıra rayon və şəhərlərin icra hakimiyyəti başçıları həbs edildi, bir sıra dövlət qurumlarının, nazirliklərin, komitələrin, Polis İdarələrinin və başqa xalqla işləyən dövlət qurumlarının rəhbərləri vəzifələrindən uzaqlaşdırıldı. Nazirliklər, icra hakimiyyətləri, Dövlət Komitələri elə qurumlardı ki, onların fəaliyyətinə bu dəyişikliklərdən 3-5 ay, lap 1 il sonra da qiymət vermək tezdir. Dəqiq və obyektiv olmaq üçün ilk yalnışlıqdan, ilk qüsurdan “tutub” kimisə tənqid etmək olmaz. Gərək proseslərin gedişatını diqqətlə və səbrlə izləyəsən. Amma elə qurumlar da var ki, onların fəaliyyətini qiymətləndirmək üçün 100 gün kifayətdir.
⁃ 100 gün ərzində fəaliyyətini qiymətləndirmək mümkün olan qurum hansıdır?

Vətəndaşlarla gündəlik ünsiyyətdə, təmasda olan qurumları bu kateqoryaya aid etmək olar. Misal üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsini deyə bilərəm. Gün ərzində on minlərlə insanla ünsiyyətdə olunur, milyonlarla Bakı sakininə xidmət göstərirlər. İnsanlarla söhbət zamanı, sosial şəbəkələrdə monitorinq zamanı bu qurumun imicində və fəaliyyətində kifayət qədər dönüş olduğunu açıq sezmək olur. Bu dönüş nöqtəsi də deyərdim ki, BŞDYPİ ötən ilin əvvəllərindən, qurumun rəhbərliyi dəyişdikdən sonra başlamışdır. Açığı desək mən belə qısa zaman daxilində ildırım sürətli islahatları bu qurumdan gözləmirdim. Prezidentin ölkə miqyasında apardığı islahatları rəhbərlik etdiyi qurumda məharətlə həyata keçirməyi bacarmış polis polkovniki Rəşid Piriyevin xidmətlərini bu səbəbdən dəyərləndirməmək insafsızlıq olardı. Görünür ki, yerində olan, işini bilən, doğru seçilmiş kadrlardandır. Ümumiyyətlə 2019-cu ildən etibarən Daxili İşlər Nazirliyində rəhbərlik dəyişikliyindən sonra bu qurumda islahatlar daha sürətlə başladı. Bu da ölkə Prezidentinin yeni zamanın tələbinə uyğun olaraq verdiyi yeni tapşırıqlardan qaynaqlanırdı. DİN rəhbərliyi də zaman itirmədən bu tapşırıqların məharətlə icra etdi və edir. Bilirsiniz DİN bəlkədə tək-tük dövlət qurumlarındandır ki, onun bütün strukturu vətəndaşlara sözdə yox, əməldə və operativ xidmət edərək vətəndaş məmnuniyyətini saxlayır. Bu qurum ictimaiətlə əlaqələr sahəsində də digər qurumlara nümunə olmalıdır.
⁃ Nə baxımdan Ağasif bəy?


Bilirsiniz, mən partiya rəhbəriyəm. Rəhbərlik etdiyim partiyanın üzvləri də bu ölkənin vətəndaşlarıdır. Onları da müəyyən problemləri, doğru ünvana üz tutmamaları səbəbindən həllini tapmayan məsələləri olur. Hərdən mənə köməklik məqsədilə müraciət edirlər. Təsəvvür edin istər Ehsan Zahidov, istər Elşad Hacıyev, istərdə də Vaqif Əsədov olsun, hər biri günün 24 saatı xidmət başındadır. Mən və köməkçilərim dəfələrlə bu şəxslərlə müxtəlif mövzularda təmasda olmuşuq.

Qaldırılan məsələlərə, edilən müraciətlərə operativ qaydada baxıb həllinə çalışıblar. Amma əksər hallarda buna başqa qurumlarda nail olmaq mümkün olmur və ya çətinliklər olur. Təbii ki, hələ həll edilməli çox problemlər var. Demirəm hər şey idealdır. Amma bunlar zaman məsələsidir. Ümumiyyətlə bilin ki, xidmət olan yerdə, cəmiyyət olan yerdə hər zaman problemlər var və olacaq.

⁃ Ağasif bəy, siz bu müsbətləri sadaladınız. Amma eyni zamanda DYP sahəsində olan problemləri də dəfələrcə öz sosial şəbəkə hesabınızda işıqlandırmısınız. Necə başa düşək?

Bilirsiniz (gülür) problem hər sahədə var. Sadaladığım problemlər də var. Onlardan heç kim imtina etmir. Fikirlərimin üzərində qalıram. Amma əmin olun ki, bu tənqidlər dost tənqididir. Tənqid olmayan yerdə inkişaf olmaz. Mən bilirəm siz nəyi, hansı çıxışlarımı nəzərdə tutursunuz. O fikirlərimin üzərində qalıram. Amma bu dost tənqididir. Kimlərsə əllərinə qalxan alıb qorunmağı düşünürsə yanılırlar. Müəyyən siqnallar almışam. Bəzi şəxslərin narahatlığını başa düşmürəm. Fəalliyyət olan yerdə qüsurda olar, çatışmamazlıq da. Biz də bunu görüb dilə gətiririksə bu problemləri aradan qaldırmaq lazımdır. Məlum tənqidi çıxışlarımdan sonra çoxlarının rahatsız olduğunun siqnallarını aldım. Hətda şəxsimə təxribatlar da hazırladıqlarını eşitdim. Amma qəti rahatsız deyiləm. Nə etmişəmsə xalqım, dövlətim üçün etmişəm. Əminəm ki, kimlərsə məsələləri sadələşdirib sadə ağılları ilə hansısa təxribata əl atmış olarsa cavablarını da ən yüksək səviyyədə almış olacaqlar. Düşünürəm ki, bəzi yoldaşlar özfəaliyyətlə məşğul olmaq əvəzinə, mənə təhdid ismarıcları göndərmək əvəzinə problemləri həll etmək barədə düşünüb, Prezident İlham Əliyev cənablarının islahat siyasətini və Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarının bu sahədə verdiyi tapşırıqları həyata keçirtsə xalqımız üçün daha faydalı iş görmüş olarlar.

⁃ Fikirlərinizin sonunda nəyə işarə etdiyinizi tam anlamadım. Düşüncələrinizi bir qədər də ətraflı ifadə edə bilərsinizmi bəy?

Hesab edirəm ki, xüsusi izaha ehtiyac yoxdur. Gözəl el məsəlimiz var: “Arifə bir işarədə bəsdir”. Düşünürəm ki, nə demək istədiyimi anlayan anladı.

⁃ Ağasif bəy, əgər sirr deyilsə dostlarınız çoxdur ya düşmənləriniz?

Bilirsiniz, dostluq və düşmənçilik hər biri ayrı-ayrılıqda böyük anlayışdır. Dostluğu da, düşmənçiliyi də mərdi-mərdanə etməyi bacarmaq lazımdır. Keçmiş düşmən heç zaman dost, keçmiş dost da heç zaman düşmən ola bilməz. Sualı şəxsiləşdirsək əlbətdə dostlarım da var, düşmənlərim də. Amma əmin olun mən heç kimlə düşmən olmamışam. Hər zaman çalışmışam mənə uzanan əli sıxım. Sıxdığım əlində heç bir zaman buraxmayım. Mən dostluğu da yaxşı bacarıram, düşmənçiliyi də. Amma düşmənçilik aparmaqdan heç xoşlanmıram. Aparanları da sevmirəm. Hər halda belə bir deyim var: “Dünyanı sevgi xilas edəcək”, məndə düşünürəm ki, “dünyanı mərdlik, dostluq və qardaşlıq xilas edəcək”… Bu səbəbdən də hər kəsi mərdliyə və dostluğa səsləyirəm…

⁃ Ağasif bəy, zaman ayırdığınız üçün təşəkkür edirəm… Son olaraq nə demək istərdiniz?

İslahatlar ölkəmizdə sürətlə gedir. Bu islahatların fonunda siyasi partiyalar arasında həmrəylik də mövcuddur. Hansı ki, iqtidarlı-müxalifətli birliyimizlə düşmənin başını əzməyə nail olduq. Bu göz önündədir. Daxildə də təbii ki, müəyyən dairələrə bağlı düşmənlər var. Bu səbəbdən də aparılan islahatları axsatmaq, ölkədə siyasi qüvvələr arasında olan həmrəyliyi pozmaq və nifaq salmaq üçün çalışanlar var. Amma hər kəs əmin olmalıdır ki, aparılan islahatları axsatmağa çalışanlar, siyasi həmrəyliyə müxtəlif təxribatlarla zərbə vurmaq istəyənlər öz başları üzərində Prezident İlham Əliyevin dəmir yumruğunu görmüş olacaqdır. Ölkə başçısının ortada dəmir iradəsi var. Heç kim boşuna çalışmasın…

⁃ Sağ olun Ağasif bəy.

Siz sağ olun.

AnTV.az

Share: