“Ağac kəsiləndə, insan öləndə, Deyirəm torpağın boyu qısalır…”- Allahşükür Ağa

 

Ağaclar

(Allahşükür Ağa)

Səs kimi qalxıb yerdən,
Göyə baxır ağaclar.
Gah geyinir, soyunur,
Çox darıxır ağaclar.

Dayanıb qol- qanadlı.
Boylanır tək ayaqlı.
Yanında beş otaqlı,
Evdən qorxur ağaclar.

Budaqda bıçaq yeri,
Yadında ocaq yeri.
Altından çəkdik yeri,
Of, yıxılır ağaclar.

Torpağın boyu

Torpağın bağrından çıxdıq dünyaya,
Torpağın birinci nəğməsiyik biz.
Bizim boyumuzdu torpağın boyu,
Torpağın ucalmaq həvəsiyik biz.

İnsanın qəmində torpaq ətri var,
Insan ulduzlara, aya ucalır.
Ağac kəsiləndə, insan öləndə,
Deyirəm torpağın boyu qısalır.
Torpaq insan –insan qalxıb ayağa,
Torpaq ağac – ağac dönüb yarpağa.

Apardı sellər Saranı

Bəlkə də Arpa çay aşıb daşmayıb,
Yalandan üstünə günah yıxıblar.
Nə də sel Saranı alıb qaçmayıb,
Suların adına qara yaxıblar.

Zaman öz hökmünü veribdi belə,
Cavan bir gəlinin ömrünə qıydı.
Yad əllər Saraya uzanan yerdən,
Arpa çay hiddətlə gurlamalıydı.

Deyin Xan Çobana Saranı yad yox,
Aparan öz qəmin, öz kədərindi.
Sara saf suların öpdüyü yerdən,
Bir çiçək donunda göyərib indi.

Yaşamaq

Qoca üzlü dağlardan bu yana
Uzanmaq istəyirəm.
Gəlin üzlü buludlara tərəf.
Qara üzlü dərələrdən uzaq.

Mənim uzanmağım
Təbrizin sol tərəfində
Bir evin içindən gəlir.
Gözləriylə əllərini sulayan
Bir uşağın
əlinin içindən gəlir.

Mənim boyum boy olmalıdı,
Qalmasın torpağın boyunda
Boyumun ağrısı.
Mənim toyum toy olmalıdı,
Qalmasın Qara Zurnanın içində
Toyumun ağrısı.

Yol ağzı

Durmusan yolumun ağzında,
Çıx deməklə çıxmazsan,
Gəl deməklə gəlməzsən,
Əllərimi sıxmazsan,
Ölçər- biçər ayaqlarım…

Ətəyindən sallanan
Bir körpəcə uşaq var.
Körpənin ətəyində
Yerin çəkə bilmədiyi,
Göyün çəkə bilmədiyi
Bir qara daş var.

Yerin əli körpədə
Körpənin əli səndə
Sənin əlin göylərdə
Göylərin əli məndə…
Ölçər- biçər ayaqlarım…

Müstəqil.Az
Share: