ABŞ-nin vasitəçiliyinə ehtiyac qalırmı? — Təhlil

ABŞ-nin vasitəçiliyinə ehtiyac qalırmı? — Təhlil

ABŞ sentyabrın 1-dən bölgədə yolların açılması və Ağdam-Xankəndi marşrutunun işə düşməsi ilə bağlı razılaşmadakı mövqeyindən geri çəkilib. Artıq mediadakı məlumatlardan bəllidir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan rəhbərliyi ilə danışıqlarda həm Laçın, həm Ağdam yolunun açılmasını xahiş edib. Amma daha sonra Ermənistan və separatçılar bu razılaşmaya müqavimət göstərib. Bundan sonra isə ABŞ mövqeyindən geri çəkilib.

Çünki bu gün Dövlət Departamenti və Konqresdə yalnız Laçın yolunun açılmasının zəruriliyindən danışılır.

Rəsmi Vaşinqtonun Qarabağ münaqişəsi ilə bağlı yanaşmasının tarixinə də nəzər yetirəndə fərqli mənzərə ilə qarşılaşmırıq.

Çox açıq, heç bir diplomatik qılaf olmadan qeyd eləmək lazımdır ki, ABŞ-ın keçmiş sovet məkanındakı münaqişələr arasında ən ədalətsiz yanaşdığı Qarabağ münaqişəsi olub. Rəsmi Vaşinqton həmişə Gürcüstan, Moldovadakı separatçılıq hallarına Ermənistanın işğalçılıq siyasətinə münasibətdə müqayisəedilməz kəskin reaksiya verib. Ukraynanın problemlərinə isə açıq-aşkar öz məsələsi kimi yanaşıb və hər hansı ştatındakı problemdən daha çox həssaslıq göstərib.

ABŞ Abxaziya, Osetiya, Dnestryanı, Krım, Donbasla bağlı vaxtilə göstərdiyi dözümsüzlük, siyasi, bəzi hallarda isə hərbi təzyiqin heç10 faizini belə Qarabağ separatçılarına göstərməyib. Əksinə, Azərbaycana qarşı illərlə 907-ci düzəlişi qüvvədə saxlayıb, separatçılara isə hər il “minatəmizləmə” adı altında milyonlarla dollar yardım edib. Separatçılar ABŞ-a səfər edərək “Qarabağa yardım” adı altında vəsait toplayıblar. ABŞ-da Qarabağdakı cinayətkar rejimin ofisi yaradılıb. Separatçıların nümayəndələri Moskvada keçirdikləri toplantıların eynisini Vaşinqtonda da keçiriblər.

Rəsmi Vaşinqton bütün beynəlxalq və regional mövzularda ziddiyyət yaşadığı ölkələrlə belə Qarabağ separatçılarına və Ermənistana münasibətdə həmrəylik nümayiş etdirib. Digər regional məsələlərdə az qala münaqişə tərəfi olduğu, bir masa arxasında oturmadığı ölkələrlə Qarabağa münasibətdə eyni mövqedən birgə bəyanatlar yayıb. Bunun adı siyasi riyakarlıq və prinsipsizlik deyil də, nədir?

Eynilə ATƏT-in Minsk qrupundakı “ölü üçlük”də də ABŞ-ın ermənilərə münasibətdə açıq dəstəyini ifadə edən Fransadan və Ermənistanla eyni hərbi təşkilatda müttəfiq olan Rusiyadan heç bir fərqli yanaşması olmayıb.

Bütün bu təhlillər göstərir ki, rəsmi Vaşinqton üçün məsələnin mahiyyətində ədalət prinsipi, separatçılıqla mübarizə dayanmır.

Bəs məsələnin əsl mahiyyəti nədir?

Əlbəttə, ilk növbədə prioritet ABŞ- dakı erməni diasporunun səsini almaqdır. Amerikada siyasətçilər üçün səs gələcək qrupların marağını təmin eləmək bütün prinsiplərdən üstündür. Çox təəssüf ki, konqresmenlərin hətta Birləşmiş Ştatların daxilində də səs üçün aşkar ədalətsizlik etmələri adi hadisədir. Səs və maraqlar Amerika siyasətində ədalət və reallıqdan çox üstün komponentdir.

Amerika üçün regional müstəvidə ikinci məsələ, əlbəttə ki, Azərbaycanın daim həll olunmamış probleminin qalmasıdır. Son vaxtlar problemin həlli ilə bağlı Azərbaycanın öz səyləri və tərəfdaşlarının dəstəyi ilə apardığı işlər Qarabağda daim məşğul olunacaq bir problem qalmasını istəyənləri narahat edir. Ona görə də müharibə dövründə nüfuzunu itirmiş köhnə siyasi dəstəkçi qrupundan imtina edən rəsmi Vaşinqton indi USAİD vasitəsilə yenilərini maliyyələşdirməyə başlayıb. Əməkdaşlıq üçün daha açıq olan, tez loyallaşdırıla bilən feminist və lgbt qruplarına sol dəstəkçiləri ilə daxil etməklə yeni “no war”çılar yaradılır. Sosial mediada və Amerikaya məxsus media orqanlarının yerli bürolarında fəallaşan “no war” çı qruplar mahiyyətə uyğun “sülh və sabit həyat tərzi” çağırışından daha çox, erməni əsilli Azərbaycan vətəndaşlarının itaətsizliyini və separatçı açıqlamalarını yayır, buna dəstək olurlar. Bu isə mövcud problemlərin həllində günahı “yerli azərbaycanlılar” vasitəsilə rəsmi Bakının üzərinə atmaq priyomudur. Biz Vaşinqtondakı siyasətçilərin və əməliyyatçıların Ukraynada da eyni priyomlardan istifadə edib, oranı poliqona çevirdiyi yaxın tarixi unutmadıq.

ABŞ üçün regional müstəvidə üçüncü maraq Ermənistanla bağlıdır. Hazırkı Ermənistan rəhbərliyinin apardığı siyasət nəticəsində bu ölkə böyük güclərin poliqonuna çevrilmək üçün real məkandır. Eyni sərhəd boyu İran, Rusiya, Avropa İttifaqı və ABŞ-ın varlığını təmin edən Paşinyanın bu yolla “təhlükəsizlik təminatı” Ermənistan üçün böyük təhlükəyə çevrilib. Rəsmi Vaşinqton belə fürsətləri qaçırmağı sevmir. Poliqon varsa, təlim niyə olmasın?

Fakt budur ki, Azərbaycan bütün təzyiqlərə rəğmən torpaqlarını işğaldan azad etdi. Qarabağ münaqişəsi tarixə qovuşdu, Azərbaycan işğaldan azad edilmiş ərazilərində artıq quruculuq işlərinin bir hissəsini görüb. Məcburi köçkünlər evlərinə qayıdırlar.

İndi məsələ Azərbaycan ərazisindəki azsaylı qeyri-qanuni silahlı dəstələri tərksilah edib, Qarabağda reinteqrasiya prosesinə nail olmaqdır. Bu gücə və cəsarətə malik Azərbaycan isə ABŞ, Fransa və digər bu kimi ölkələrin maraqlarına uyğun deyil. Elə ona görə də ABŞ Dövlət Departamentinin təmsilçisi Lui Boninu regiona göndərdi, amma bu səfər bölgədə problemlərin həllinə heç bir töhfə vermədi. Çünki ABŞ-ı bölgədə sülh maraqlandırmır. Əgər bunun əksi olsaydı, rəsmi Vaşinqton separatçıların keçirdiyi “seçkiyə” dözümsüz, sərt münasibət göstərərdi. Amma bunun əksinə, ABŞ Dövlət Departamentinin nümayəndəsi Yuri Kim Konqresdəki çıxışında mövcud olmayan “Dağlıq Qarabağ xalqının hüquqları”ndan danışdı.

Bu isə açıq-aşkar o deməkdir ki, ABŞ nəinki separatizmlə mübarizə aparır, əksinə Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa çalışır.

Qarabağ münaqişəsi dövründə və hərbi əməliyyatlardan sonra özünü Ermənistanın vəkili elan etmiş Fransa faktiki olaraq hazırda prosesdən kənarda qalıb və vasitəçi kimi onun missiyasından imtina edilib.

Əgər ABŞ da eyni davranışları nümayiş etdirirsə, onun vasitəçiliyinə ehtiyac qalırmı?

APA


Share: