ABŞ Müdafiə Naziri Ceyms Mattisdən gülünc təklif

 

 Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi- Xarici İşlər Naziri- Reks Tillerson başda olmaqla böyük bir nümayəndə heyətinin Türkiyəyə səfəri ərəfəsndə yetərincə maraqlı bir informasiya xəbər lentlərində diqqətimi cəlb etdi.

Türkiyənin Müdafiə Naziri Nurəddin Çanıkın Brüsseldə NATO Müdafiə Nazirləri Toplantısı çərçivəsində verdiyi press-konfransda o, ABŞ Müdafiə Naziri Ceyms Mattislə görüşünə toxunmuş və tərəf müqabilinin Türkiyəyə etdiyi qəribə təklifdən danışmışdır. Ceyms Mattisin təklifinə əsasən Amerika Türkiyə ilə vəziyyəti düzəltmək üçün YPG ilə PKK-nı bir-birinə qarşı döyüşdürmək istəyir.

Təklif bir neçə səbəbdən olduqca gülünc təsir bağışladı mənə:

– Məgər Amerikada bilmirlər ki, Türkiyənin müharibəsi kürdlərlə deyil, terror qrupları ilədir və YPG də Türkiyənin nəzərində PKK-nın adını dəyişmiş formasıdır?

– Amerika bu qədər ixtiyar sahibidir ki, hadisələri istədiyi istiqamətdə çevirə bilir?

– Kürdlər həqiqətənmi Amerikanın əlində alət olduqlarını başa düşmürlər?

– İnsanların taleyi bütün dünyada demokratiya carçısı imici qazanmış bir dövlət üçün üçün bu qədər ucuzdur ki, o istədiyi vaxt onlardan  terror qrupu yaradır , silahlandırır və sonra da bir-birinin üzərinə salır?

Ritorik suallar yetərincədir. Bu təklif vasitəsi ilə Ceyms Mattis həm də  Amerikanın Orta Şərqdə apardığı siyasəti bütün çılpaqlığı ilə ortaya ortaya qoymuşdur. Amerika  bu regionda strateji planlarını hələdə müəyyənləşdirib başa çatmayıb. O taktiki gedişləri bir yerə toplayıb strategiya yaratmaqla məşğuldur. Sem dayı regionda sürətlə baş verən hadisələri qabaqlaya bilmir onlara çatmağa çalışır.

Amerika eyni zamanda regionda mövcud olan qüvvələrə Türkiyə, İran, Rusiya, Səudiyyə Ərəbistanına  mesaj göndərir.- Mənə bel bağlamayın. Burada böyük kiçik yoxdur. Hərə öz dövlətinin marağına uyğun siyasət yeritsin.

Ən ciddi xəbərdarlıq isə  regionda yaşayan Kürdlərədir. Kürdlər Amerikanın gedişlərini təhlil edib özləri üçün nəticə çıxarmalıdırlar. Onlar dərk etməlidirlər ki,  müstəqil olub dövlət qurmaları heç də Amerikanı maraqlandırmır. Amerika öz çoxsaylı məqsədlərini həyata keçirmək üçün bu gün növbəti dəfə kürdlərdən istifadə edir.

Əlimusa İbrahimov

Politoloq

 

Share: