ABŞ 73 illik tarixi razılaşmanı bir imza ilə silib atdı – Tramp Kim Çenlə görüşdən qalib kimi ayrılarsa…

Avropa Kanadada baş tutan G-7 Liderlər Zirvəsi ilə sarsılıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, ABŞ prezidenti Donald Trampın zivəyə gec gəlib toplantıların hesabatını imzalamadan zirvəni tərk etməsi ABŞ ilə Avropa arasında tarixi ticarət əməkdaşlığının sona çatması kimi dəyərləndirilib.

Dünyanın ən böyük yeddi iqtisadiyyatına malik ölkələrin birliyi kimi tanınan G-7 (ABŞ, Yaponiya, İtaliya, İngiltərə, Fransa, Almaniya) Kanadanın Çarlivoiks bölgəsində gerçəkləşdirilən Liderlər Zirvəsi böyük bir böhranla başa çatıb. Zirvə ABŞ-ın qərbli ortaqlarına tətbiq edəcəyi böyük miqdarda gömrük vergilərinin kölgəsi ilə başlayıb. Hər iki tərəf özünü yaxşı bir bazarlıq etməyə hazırlayıb. Ancaq baş verən hadisələr gözləniləndən də pis olub. ABŞ prezidenti zirvəyə gəlmədən öncə G-7 toplantısını erkən tərk edərək Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Sinqapura uçacağını deyib və bununla G-7 zirvəsini önəmsəmədiyini ortaya qoyub.

Zirvə boyunca bu davranışına sadiq qalan Tramp toplantıya bütün liderlərdən sonra gəlib. Ertəsi gün təşkil edilən səhər yeməyinə də 17 dəqiqə gecikib. Gedərkən bir çox liderlə sağollaşmayıb. G-6-lar zirvənin sonunda qlobal inkişafı dəstəkləyən tədbirlərdən tutmuş gender bərabərliyinin təmin edilməsinə qədər bir çox maddəni ehtiva edən hesabatı imzalayıb. ABŞ prezidenti Donald Tramp isə razılaşmaya imza atmayıb və zirvədən ayrıldıqdan sonra tvitterdən verdiyi açıqlamada zirvədə olan ABŞ təmsilçilərinin də sənədi imzalamaycağını bildirib.

Sərt davranışları ilə diqqət çəkən Trampla görüşən Fransa prezidenti Emmanuel Makron onun əlini göyərənə qədər sıxıb.

Zirvədən çıxan bu nəticə ilə birlikdə II Dünya Müharibəsindən sonra ABŞ və qərb ölkələri arasında qurulan əməkdaşlıq paktı elə ABŞ tərəfindən pozulmuş oldu. Yeni qaydaların necə olacağı mövzusunda isə hələ ki, heç kimin bir fikri yoxdur. ABŞ-ın mövcud davranışının davam etməsi halında ABŞ, Avropa İttifaqı, Çin və Rusiya arasındakı iplərin daha da gərilməsi gözlənilir.

Yeni dövrün necə olacağı isə ABŞ prezidenti Donald Trampın sabah Şimali Koreya lideri Kim Çen Inla həyata keçirəcəyi zirvədən sonra məlum ola bilər. Əgər görüş gözlənildiyi kimi gerçəkləşər və Trampın zəfəri ilə başa çatarsa, “tarix yazan ABŞ prezidenti” ləqəbini alacaq Trampın davranışlarının daha da sərtləşəcəyi gözlənilir.

Share: