“Bəxt üzüyü”nün Sedası ölümündən 22 gün sonra dəfn ediləcək

Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyovanın dəfn ediləcəyi yer məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn ediləcək.

Dəfn mərasimi sentyabrın 6-da yerli vaxtla saat 11:00-12:00-da keçiriləcək.

Qeyd edək ki, bu məzarlıqda məşhur iranlı musiqiçi Şəhram Kaşani, amerikalı aktrisa Seleste Yarnall, aktyor-prodüser Vilyam Fips və s. tanınmış şəxslər dəfn ediliblər.

F.Rəhimbəyova 1958-ci ilin 5 avqust tarixində Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Seda obrazı ilə tanınan F.Rəhimbəyova həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü – 2” filmində yenidən Seda roluna çəkilib.

 

Share: