Məhəmməd Əmin Rəsulzadənin rəssam nəvəsi…

Soyuqqanlı görünsə də içində bir vulkan qaynayır. Hər kəs onu duya bilməz, ancaq hissləri açıq kəslər bu sakit görünüşün arxasında gizlənən qeyri-adi enerjili şəxsiyyəti anlaya bilər. Güclü xarakterə malikdir, itaət etməyi xoşlamır. Romantik, duyğusal, mənalı adamdır. Qürurlu, məğrur və nəzakətlidir.

Nüfuzedici nəzərləri var, sığal kimidir, baxışları oxşaya bilir. Dözümlüdür, müdhiş bir iradə gücünə sahibdir. Son dərəcə həssas və diqqətlidir. Bir xoş sözdən kövrələ, bir acı kəlmədən inciyə bilər…
Deyir ki,- “Mən sürügündə anadan olmuşam və bunun necə bir həyat olduğunu yaxşı bilirəm. Uşaqlıqda, yeniyetmə yaşlarımda bu cür şeylərə fikir vermirdim. Oxuduğum məktəbdə çeçenlər, almanlar, koreyalılar, belaruslar, bir sözlə müxtəlif xalqların nümayəndələri var idi. Həmin vaxtlar onların, elə öz valideynlərimin də sürgün olunduğunu dərk etmirdim. O illər valideynlərimiz çox əziyyət çəkiblər. Onlar olduqca ağır həyat yaşayıblar…
Məktəbli idim və öz qayğılarım var idi. Məktəbi bitirdikdən sonra başqalarına açıq olan yerlər, bizim üçün bağlı olduğunu görəndə, yalnız bundan sonra sürgündə olduğumuzun fərqinə vara bildim…”
Çox çətinliklərə dözüb. Necə deyərlər, uşaqlıq illərini bir qarnı ac, bir qarnı tox keçirib. “Xalq düşməni” damğasının ağrı-acısını yaşayıb. Tənələrə, təqiblərə məruz qalıb. Fəqət eşitdiyi tənələrdən, təqiblərdən sarsılmayıb, əksinə gələcəyə böyük ümidlərlə baxıb…
Haqqında söhbət açdığım Rais Rəsulzadə 1946-cı ildə Qazaxstanda dünyaya gəlib. Azərbaycan Xalq Cümhuriyyətinin banısı Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərdən olan nəvəsidir. Üç yaşında olarkən anası vəfat edib. Orta təhsilini Qazaxstanda bitirdikdən sonra, Azərbaycana üz tutub. 1969-cu ilədək Əzim Əzimzadə adına rəssamlıq məktəbində təhsilini davam etdirib. Elə o vaxtdan da Bakıda yaşayır. 1972-1977-ci illərdə ali təhsil alıb. Bir il orta məktəblərin birində pedaqoji fəaliyyətlə məşğul olub. 1978-ci ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetin “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyib. 2002-ci ildə “Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adına layiq görülüb.
800-dən çox rəsm əsərinin müəllifidir. Əsərləri Azərbaycan və digər ölkələrin rəsm qalereyalarında saxlanılır.
2009-cu ildən “Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyası”na rəhbərlik edir…
“Babam Məhəmməd Əmin Rəsulzadə böyük siyasətçi olsa da, mənim heç zaman siyasətə marağım olmayıb. Profesional siyasətlə məşğul olmaq üçün gərək insan bu sahəyə köklənsin. Bu baxımdan siyasi fəaliyyət böyük məsuliyyət tələb edir. Yəni sən təkcə özünün deyil, həmçinin kütlənin, xalqın, dövlətin taleyini həll edirsən. Müəyyən ideyalarla çıxış edir və camaatla ünsiyyətdə olursan. Onları düzgün yönəltmək üçün gecə-gündüz bu istiqamətdə çalışmalısan. Belə olduğu halda da digər işlərə vaxt qalmır. Ya o yanlıq, ya da bu yanlıq olmalıdır. Mən əgər siyasətlə məşğul olsaydım, o zaman rəssamlığa vaxt ayıra bilməzdim.”- söyləyir…
Xeyli gözəl xüsusiyyətləri var. Dostluqda vəfalıdır- hər adama bel bağlamasa da, kiminləsə dost oldusa, son nəfəsinədək ona sadiq qalacaq. Çox danışmağı sevmir. Çünki demək istədiklərini gözləri ilə ifadə edə bilir. Onun bir baxışından sevgisini və ya nifrətini anlamaq olur. Fiziki olduğu qədər, mənəvi baxımdan da güclüdür. Heç bir zaman özünü aldatmır. Həqiqət acı da olsa, üz-üzə gəlməkdən çəkinmir. Tənqidi qəbul etmək qabiliyyəti və analiz tutumu sayəsində mükəmməlləşə bilib. Gələcəyi öncədən görə bilən insandır. Təxminləri adətən sonradan gerçəkləşir. Müşahidə qabiliyyəti yüksək səviyyədədir, gözlərindən heçnə yayınmır. Bir sözlə, məntiqi zəkasını təxəyyül və hissilə tarazlaşdıra bildiyi üçün şanslı adamdır.
Babası ilə fəxr edir, Onun xidmətlərindən qürur duyur…
Deyir ki,- “Nə qədər ki, Azərbaycan tarixi var, Məhəmməd Əmin Rəsulzadə var və olacaq. Onu tariximizdən silmək mümkün deyil. Rəsulzadə Azərbaycan dövlətinin qurucusudur. Rəsulzadə Azərbaycan xalqının çox böyük, görkəmli simalarından biridir. Böyük dövlət xadimidir. Rəsulzadə Azərbaycan bayrağının yaradıcısıdır. Azərbaycançılıq ideyasının atasıdır və Azərbaycan azadlıq ideologiyasının, azadlıq məfkurəsinin banisidir. Və həmin məfkurə elə indi də inkişaf edir. Nəhayət Rəsulzadə böyük demokratiya ideyalarının müəllifidir, dünyəvi simadır. Bunu onun nəvəsiyəm deyə demirəm. Siz də onun nəvəsisiniz. Rəsulzadə fəxrimizdir, tariximizdir və onu dərindən öyrənmək vacibdir. Bir-iki cümlə ilə onu tanıtmaq yerinə düşməz, ona hörmətsizlik olar. Rəsulzadə həqiqətən böyük simadır. Hər birimizin fəxridir. Onunla dostluq edən Seyid Tağızadə deyirdi ki,- Rəsulzadə dürüst, qüvvətli məntiq sahibi, sözü bütöv, öz ideyalarına böyük inam bəsləyən biri idi və axırda əlavə edir ki, belələrinə bizim zamanda nəinki şərqdə, hətta dünyada rast gəlinməz. Belə şəxsiyyəti olan xalq xoşbəxtdir…”
Bəli, xalqımız xoşbəxtdir ki, onun Məhəmməd Əmini var. Haqqında söhbət açdığım rəssam Rais Rəsulzadə isə ikiqat xoşbəxtdir. Çünki damarlarında Məhəmməd Əmin Rəsulzadənin qanını daşıyır…
Elman Eldaroğlu
Share: