Rəssamlar Dövlət Sərhəd Xidmətinin Represiya Qurbanları muzeyində

Sumqayıt Dövlət Rəsm Qalereyasının peşəkar rəssamları və əməkdaşları Dövlət Sərhəd Xidmətinin Represiya Qurbanları muzeyində oldular.

Muzeyin direktoru Mirabbas Məmmədov sərgilənən eksponatlar, istintaq otaqları, repressiya acısı yaşamış aydınların faciəvi həyatı barədə geniş məlumat verdi. Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, rəssamlar Tofiq Əhmədov, Nəsibə Şükürova, Rauf Rəfiyev, yazıçı-kulturoloq Hafiz Ataxanlı, əməkdaşlar Gülü Abdullayeva, Etibar Bənnayev bu muzeyin yaradılmasının tariximizin öyrənilməsində mühüm əhəmiyyətə malik olduğunu bildirdilər. Qeyd edək ki, muzeyin tərtibi seyrçilərdə bir anlığa 37-ci il qurbanlarının fiziki-psixololi işgəncə prosesinin baş verdiyi mühit haqqında assosasiya yaradır.

Peşəkar rəssam və heykəltəraşlar tərəfindən hazırlanmış mükəmməl maket-kompozisiyalar haqsız yerə həbs olunmuş hər bir dustağın həyat hekayəsini, onlara verilmiş işgəncəni, çəkdikləri ağrı-acını yüksək sənətin gücü ilə tam çatdırmaq qüdrətinə malikdir. Təkrar olunmayan, istintaqın və işgəncənin, hökm oxunuşunun və güllələnmənin müxtəlif mərhələlərinə aid hər bir hücrə, hər bir detal sınmış talelərin rəsmini yarada bilir. Ekskursiyaya gələn hər kəs dahi Cavidin, nakam Müşviqin, böyük Əhməd Cavadın, milli təəssübkeş Hacı Kərim Sanılının və digər represiya qurbanlarının cəza çəkdiyi, sorğu-suala çəkildiyi, işgəncəyə məruz qaldığı otaqların, əlləri toxunduğu qapıların, ümidlə baxdıqları pəncərələrin olduğu kimi qorunması 37-ci il atmosferinin bütünlüklə çatdırılmasına rəvac verir.

Yaradıcı ziyarətçilər tariximizin qaranlıq döngəsi haqqında bu qədər dolğun təsəvvür yaradan və bilgi çatdıran muzeyin təşkilində təşəbbüskar, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevə minnətdarlıq bildirdilər. Sonda qalereyanın direktoru Ellada Həsənova sərhəd atributlarını özündə etiva edən rəsm əsərini Dövlət Sərhəd Xidmətinə hədiyyə etdi.

Müstəqil.Az

Share: