YAP funksionerinin öldüyü hadisə ilə bağlı cinayət işi başlandı

Sabirabadda Yeni Azərbaycan Partiyasının Salyan rayon təşkilatının sədr müavini, 32 yaşlı Fazil Məhərrəmovun vəfat etdiyi yol qəzası ilə bağlı cinayət işi açılıb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı Sabirabad RPŞ-də Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, hadisə vaxtı 2 minik və 1 yük avtomobili toqquşub. Belə ki, Qaragüney kəndi ərazisində Sadıq Məlikovun idarə etdiyi “Mercedes” və Elçin Məmmədovun sürdüyü “VAZ 2106” toqquşub. Daha sonra əks tərəfdən hərəkət edən “Mercedes Atego” markalı yük maşını onlara çırpılıb. Nəticədə S.Məlikovun sərnişini, 1990-cı il təvəllüdlü Fazil Məhərrəmov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücülər isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, vəfat edən F.Məhərrəmov əvvəllər YAP-ın Salyan rayon təşkilatında gənclər birliyinin sədri olub, daha sonra təşkilatın sədr müavini vəzifəsinə irəli çəkilib. Onun atası Sabir Məhərrəmov Salyan RİH-də şöbə müdiridir.


Share: