Metroda qadınlar “TikTok”a görə bir-birilərini təhqir etdilər — Video

Bakı Metropolitenində qatarda sərnişinlər arasında mübahisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, metronun Elmlər Akademiyası stansiyası istiqamətində hərəkətdə olan qatarda bir sərnişin qadın “TikTok” platformasında canlı yayım açıb. Bu onunla yanaşı əyləşən digər qadın sərnişinin etirazına səbəb olub. Nəticədə onlar arasında mübahisə yaranıb. Qadınlar bir-birilərini söyüşlərlə təhqir ediblər.

Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovla əlaqə saxladıq. O, hadisədən xəbərdar olduğunu, çəkilişə etiraz edən qadının metro işçilərinə və ya metro polisinə şikayət etmədiyini bildirib: “Görüntülərdən də aydın olur ki, hadisə qatarda iki qadın arasında baş verib. Çəkilməsinə etiraz edən sərnişinimiz heç bir problem olmadan istər maşinist rabitəsi ilə əlaqə saxlaya, istərsə də stansiyada metro işçilərinə və ya metro polisinə şikayət edə bilərdi. Belə olduğu təqdirdə, mütləq şəkildə tədbirlər görüləcəkdi. Nazirlər Kabinetinin təsdiq etdiyi Bakı Metropolitenindən istifadə qaydalarına əsasən, Metropoliten ərazisində rəhbərliyin icazəsi olmadan video və ya fotoçəkiliş aparmaq qadağandır. Belə olduğu halda müvafiq tədbirlər görülür. Bu hadisə qatarda baş verdiyi üçün burada sosial məsuliyyətimiz daha çox rol oynayır”.

Metropolitendə çəkilişin qadağan olmasını nəzərə alsaq, bu faktla bağlı hər hansı tədbirin görülməsinə gəlincə isə, B. Məmmədov qeyd edib ki, onunla aidiyyəti dövlət orqanları məşğul olurlar. Metropolitenin inzibati məsuliyyətə cəlb etmək və bu kimi məsələlərdə araşdırma aparmaq səlahiyyəti yoxdur.


Share: