Azərbaycanın Tahir Əmiraslanov zirvəsi…

Haraya gedibsə, harada olubsa geri dönəndə özüylə apardığı Vətən sevgisinin bir zərrəsini orada qoyub, qayıdıb. Məqsədi Azərbaycanı tanıtdırmaq, sevdirməkdən ibarət olub. Gələndə isə Azərbaycana başucalığı gətirib.

O, olan yerdə həmişə Azərbaycanın adı zirvələrə ucalıb, sırada birinci sadalanıb…

Çox gözəl insandır. İllərlə “sehirli qutu”dan izləyən milyonlarla tamaşaçı kimi, mən də onun nitq mədəniyyətinin, düşüncə tərzinin, müdrikliyinin vurğunuyam. Heç bir çıxışı bir-birinə bənzəmir. Hər birinin öz gözəlliyi, öz məntiqi var. Lap elə milli kulinariyamızdakı təamların dadları kimi…
Tahir Əmiraslanov! Azərbaycan kulinariyasını dünyada tanıtdıran görkəmli şəxsiyyət, böyük insan. Adı gələndə adam heyrətini saxlaya bilmir, el diliylə:- belə insanın qadasını alım!- demək istəyir. Bu cür vətən oğlunu necə sevməyəsən? Bütün varlığı sevgiyə bələnib, başdan ayağa eşqdir, məhəbbətdir. Bax, elə bu xüsusiyyətinin gücüdür ki, Azərbaycan mətbəxini bütün dünyaya sevdirə bilir…
Haqqında söhbət açdığım Tahir müəllim 1958-ci il martın 14-də Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gəlib. 1975-ci ildə Gəncədə 39 saylı orta məktəbi bitirib. 1975-1976-cı illərdə Gəncə Toxuculuq fabrikində fəhlə işləyib. 1978-ci ildə ordudan təxris olunduqdan sonra 1979-cu ilədək Leninqradda tikintidə bənnalıq edib. 1979 ildə Leninqrad Sovet Ticarəti İnstitutuna qəbul olunub. 1984-cü ildə ali təhsilini uğurla başa vuraraq, peşəkar iaşəçi-kulinar, mühəndis-texnoloq ixtisasına yiyələnib.
Tarix üzrə fəlsəfə doktorudur. Gürcüstan Universitetinin professorudur. Gürcüstan Millı Elmlər Akademiyasının və Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvüdür…
Milli mətbəximizin inkişafında, süfrə mədəniyyətinin qorunmasında, unudulan xörəklərin bərpasında, təbliğatında, elmi təşəkkülündə və təamların praktikada tətbiqində müstəsna xidmətləri olub…
Bu gün Azərbaycan kulinariyasında Tahir Əmiraslanov zirvəsi var. Möhtəşəm, əlçatmaz bir zirvə. O zirvəni qorumaq lazımdır. Əgər bir xalqın Tahir Əmiraslanov kimi oğlu varsa, o xalqın kulinariyası məğlubedilməzdir…
Çox yaşa, ustad! SƏN təkcə mənim, onun, bizim deyilsən, SƏN dünyaya səpələnmiş bütöv bir millətin- Azərbaycan xalqının böyük oğullarından birisən!..
Elman Eldaroğlu
Share: