“12-ci İmam Mehdi” məhkəmə qarşısında – Özünü təqsirli bilmədi

Bakıda özünü “12-ci İmam Mehdi” kimi təqdim edib, 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Müstəqil.Az  xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror Fuad Musayev ittiham aktını elan edib.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara kömək göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib.

Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir.

Tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə isə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

İttiham olunan şəxs zərərçəkmiş Anar Aslanova axirət dünyasında kömək edəcəyini vəd verib.

Aqil Babayev ona deyib ki, lazım gələcəyi vaxtda zühur edəcək. Anar Aslanov verilən vədlərə inanaraq “Hunday Santafe” markalı avtomobil də daxil olmaqla 585 min 300 min manat ziyana düşüb.

Digər zərərçəkmiş Natiq Sadıqov axirət dünyasında savab qazanmaq üçün ona ümumilikdə 543 min manat verib.

Daga bir zərərçəkmiş Zaur Abdullayev isə biznes fəaliyyətində uğur qazanmaq və günahlarının bağışlanması üçün Aqil Babayevə 134 min manat verib.

İş üzrə dəymiş ziyan ümumilkdə 2 milyon 500 min manat olduğu müəyyən edilib.

Aqil Babayev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib.

Növbəti proses iyulun 23-də davam edəcək.

Qeyd edək ki, Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Müəyyən edilib ki, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi təqdim edib.

Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Müstəqil.Az

Share: