Axtardığın gözəlliklər  Daha səni ovutmaz…

Afaq ŞIXILI
(YENİ ŞEİRLƏR)

Ay dost, qəriblik yamandı!..
Yamandı, üzündən iraq!
Tabın ki, bitir… amandı
Düşmənin gözündən iraq!

Nə çox buralarda solan?..
Tənha könlünə od salan?..
Elinin başına dolan,
Naqisin izindən iraq!

Hicran – mərəz, ruhum naxoş…
Gəl, həsrətə şeirlər qoş…
Allah, doğma dilim nə xoş!
Yadların sözündən iraq!

Kimi deyir “qürbət ayıb”.
Kimi deyir “vətən qayıb”.
Qürbətdən vətən olmayıb!
Dağından-düzündən iraq!

Üzü bozdu səfalətin,
Döz ki, bitməsin taqətin!
Afaq Şıxlı, ədalətin
Düşməsin özündən iraq!

 

Ay süzür göy üzündə

Ay süzür göy üzündə,
Nuru otağa düşüb.
Görən anam bilirmi
Qızı yatağa düşüb?

Doğma yerlər olub yad,
Oyanmazmı bu Sayad?..
Kimə azad bir həyat,
Bizə qadağa düşüb.

Zor güvənir gücünə,
Əyilənin suçu nə…
Barın da nə vecinə
Yükü budağa düşüb?!

Zamandandır, ya dindən
Şeytan çıxır bət(i)ndən!
Torpağın sərvətindən
Xalqa sadağa düşüb.

Haqq da guya bizimdi,
Ümid bəslə, döz indi!
Bu iz mənim izimdi –
O dağ-bu dağa düşüb.

…Ay süzür göy üzündə,
Nuru otağa düşüb.
Qəribliyin acısı
Nədən Afaqa düşüb?!

***

Bir gün məni axtararsan
əl-ələ vermək üçün,
Hər keçdiyim yolu-izi
Addım-addım gəzərsən.
Bir gün məni axtararsan
“bağışla” demək üçün,
Nigaranlıq üzər səni –
Yorularsan, bezərsən…

Təklənərsən bir gün, axır,
Ömrün qürub çağında,
Boş-boşuna dolanarsan
Eşqin solan bağında.
Nə axşamlar, nə sabahlar
Rahat olmaz ürəyin,
Boylanarsan, boş görünər
Eh, solun da, sağın da…

Odlanarsan – alışarsan,
Sellər belə, soyutmaz,
Axtardığın gözəlliklər
Daha səni ovutmaz.
Mənsə ayrı bir dünyada –
Başqa ömrün çırağı,
Üzülsən də, əldən gedən
Bir də geri qayıtmaz…

Share: