Muğam Müsabiqəsinin finalı Şuşada keçiriləcək

VIII Muğam Televiziya Müsabiqəsinin finalı Şuşada keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və AzTV-nin təşkilatçılığı ilə keçirilən final avqustun 5-də baş tutacaq.

Avqustun 6-da isə Cıdır düzündə Muğam Televiziya Müsabiqəsinin qala konserti keçiriləcək. Konsertdə indiyə kimi keçirilən 8 muğam televiziya müsabiqəsi qaliblərinin ifaları səslənəcək. Çıxışlar illər üzrə duet şəklində təqdim olunacaq.

Qeyd edək ki, müqabiqənin seçim turları regionları əhatə etməklə aprelin 9-dan başlayıb. Yarışma isə mayın 10-dan start götürüb. Müsabiqə həftədə 2 dəfə olmaqla Azərbaycan Televiziyasının canlı efirində 15 həftə ərzində yayımlanıb.

Muğam Televiziya Müsabiqəsi 2005-ci ildən etibarən təşkil olunur. Builki müsabiqədə azyaşlı iştirakçılar da iştirak edib. Final gecəsində münsiflər heyətinin məşvərətindən sonra hər iki qrup üzrə qaliblər elan olunacaq.


Share: