Bakıda 21 yaşlı gənci öldürən üç qardaşın məhkəməsi başlayır

Bakıda tanışlarını qətlə yetirən üç qardaşın məhkəməsi başlayır.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesə hakim Zeynal Ağayev sədrlik edəcək.

Hakim qarşısında təqsirləndirilən şəxslər qismində Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları çıxarılacaq.

Qeyd edək ki, sözügedən hadisə ötən ilin noyabrın 27-də baş verib. Belə ki, Sabunçu qəsəbəsi Müqtədir Aydınbəyov küçəsi 41 ünvanında yerləşən kafenin qarşısında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rahib Lətifov bıçaqla Fərid Əliyevə və İlşad Əliyevə  xəsarətlər yetirib. Ramil Lətifov və Qorxmaz Lətifov isə silah qismində istifadə etdikləri vasitələrlə İlşad Əliyevə müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hadisə nəticəsində 21 yaşlı Fərid Əliyev ölüb, 25 yaşlı İlşad Əliyev isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qardaşlar Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunurlar.

Emin Səfərov


Share: