Mən qoç Koroğluyam, Bamsı Beyrəyəm. O taylı, bu taylı, qırx milyon Türkəm

Damət Salmanoğlu

QARABAĞ BİZİMDİR, AZƏRBAYCANDIR!

Müzəffər ordunun baş komandanı,
Heç vaxt unutmadı içdiyi andı.
Düşdü tarixlərə dediyi sözlə,
Qarabağ bizimdir, Azərbaycandır!

Xalq coşdu cəbhədən gəldikcə xəbər,
Hər an, hər dəqiqə gözlədi zəfər.
Şuşada söylədin yenilməz əsgər,
Qarabağ bizimdir, Azərbaycandır!

Yadımız ağladı, doğmamız güldü,
Sevinci diriltdik dərdimiz öldü.
Bu sözü bilərək bilməyən, bildi,
Qarabağ bizimdir, Azərbaycandır!

Bəs edər analar qara bağlasın!
Bəs edər atalar oğul ağlasın!
İnkar eləyənlər yadda saxlasın,
Qarabağ bizimdir, Azərbaycandır!

27.09.2020

SUQOVUŞANIM

Ana yurdumuzun gözəl guşəsi,
Çəmənli, çiçəkli Suqovuşanım.
Parlaq gələcəyə inam bəsləyən,
Arzulu, diləkli Suqovuşanım.

Dağ ətri gətirən mehi gözəldi.
Ürəyi titrədən sehri gözəldi,
Güllərin qoynunda şehi gözəldi,
Şəbnəmlə bələkli Suqovuşanım.

Cənnətin bağları qoynuna köçüb,
Tərtərçay iz salıb sinəndən keçib.
Çöllər cana gəlir suyundan içib,
Xalqıma gərəkli Suqovuşanım.

Düşməni ürküdür, dağ əzəmətin,
Oldu illər sonra zəfər qismətin.
Oğulun əyilməz igid, qeyrətli,
Qızın şir ürəkli Suqovuşanım.

08.10.2020

YAŞA CƏNAB PREZİDENT

Ali Baş Komandanım..
Biz inanırıq sənə.
Bu inamımıza da,
Qalib gəldik düşmənə.

Dünya liderlərini,
Həqiqətə səslədin.
Hər zaman qələbəyə,
Böyük ümid bəslədin.

Zəfərə gedən yoldan,
Çəkdin dərdi, ağını.
Əsgərin cuşa gəldi,
Vur deyəndə yağını.

Bax xalqın qüdrətinə,
Yaşlısı da cavantək.
Yumuq olub düşməni,
Qovdu iti qovantək.

Qalibdir dövlətimiz,
Müzəffərdi xalqımız.
Uzaqgörənliyinlə,
Tapdalanmır haqqımız.

Qarabağım qayıtdı,
Bütövləşdi yurdumuz.
Yaşa, cənab Prezident,
Yaşa qalib ordumuz.

23.10.2020

 CƏNAB ƏRDOĞAN

(“Arazı ayırdılar
lil ilə doyurdular,
Mən səndən ayrımazdım,
Zor ilə ayırdılar”)

Nə gözəl səsləndi şirin dilində,
Ata ocağında, Ata elində.
Bir mesaj göndərdin zəfər ilində,
Bircə bayatıyla qarışdı İran,
Siyasət sərrafı, cənab Ərdoğan.

Mən qorxaq deyiləm hər səsdən ürkəm,
Mən qoç Koroğluyam, Bamsı Beyrəyəm.
O taylı, bu taylı, qırx milyon Türkəm,
Səsinə səs verir Ərdəbil , Zəncan,
Siyasət sərrafı, cənab Ərdoğan.

Yumruqtək bir olub birləşərik biz,
Haqq üçün şərəflə döyüşərik biz,
Bir bayraq altında görüşərik biz,
Az qalıb, tezliklə qurular Turan,
Siyasət sərrafı, cənab Ərdoğan.

Azadlıq ətri var saldığın izdə,
Günəşin nurusan bənizimizdə.
Bu gün Bakımızda, sabah Təbrizdə,
Söylə, dünya duysun “can Azərbaycan”,
Siyasət sərrafı, cənab Ərdoğan.

14.12.2020

 MÜZƏFFƏR ORDUNU XALQ ALQIŞLAYIR

Yeriyib ordumuz düşmən üstünə,
Gətirdi bizlərə zəfər müjdəsi.
İllərin həsrəti qaldı geridə,
Çatdı Qarabağla vüsal vədəsi.

Salıb qayalardan zəfər yolunu,
İstehkamlar yarıb keçdi ordumuz.
Ali Baş Komandan söyləyəndə ki,
“Şuşa, sən azadsan!” Coşdu yurdumuz.

Üç min Şəhidimiz candan keçdi ki,
Bir də, göz dikməsin yurduma yadlar.
Ana Vətənimə Günəş nur saçsın,
Çəkilsin səmadan qara buludlar.

Nələrə qadirsən, sən ey türk oğlu!
Xalqın qüdrətini dünyaya yayır.
Nə gözəl tarixdir səkkiz noyabr,
Müzəffər ordunu xalq alqışlayır.

 

Share: