Xankəndiyə, Xocalıya doğru tələsməliyik

Qarabağda ermənilər təxribatların sayını artırıb
 
Revanşa can atan ermənilərlə hədə dilində danışsaq da, onlara söz təsir eləmir
 
  Ermənistan tərəfi yenə təxribatlarından əl çəkmir. Ötən gün erməni silahlı birləşmələri 9 dəfə təxribat xarakterli silahlı insident törədiblər. Müdafiə Nazirliyi xəbər verib ki, təxribatların ikisi Azərbaycan-Ermənistan dövlət sərhədində baş verib. Erməni hərbçiləri Laçın rayonunda yerləşən bölmələrimizi atəşə tutublar. Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən törədilib. Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərimiz müxtəlif çaplı silahlardan atəşə məruz qalıb. Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. 
 
  Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə bildirib ki, ermənilər sayı-hesabı dəqiq bilinməyən itkilərə rəğmən, dinc oturmaq istəmirlər. Partiya rəsmisinin sözlərinə görə, Nikol Paşinyanı acizlikdə və xəyanətdə ittiham edən erməni ictimaiyyəti bir tərəfdən Qarabağa əsgər göndərilməsinə qarşı çıxır. Digər tərəfdən isə Azərbaycan torpaqlarına iddiadan əl çəkmirlər: 
“Qəribəsi budur ki, hətta sarsıdıcı zərbələrdən sonra belə, nə sadə əhali, nə müxalifət, nə də iqtidar köhnə “bayatı”lardan imtina etmək istəyir. Əlbəttə, prosesdə Rusiya faktorunu nəzərdən qaçırmaq olmaz. Rusiya bölgədə gərginliyi saxlamaq üçün əlindən gələni edib və edəcək. Bu mənada ermənilərin Rusiya sülhməramlılarına arxayın olaraq özbaşınalıqlar etməsi təəccüblü görünmür. Digər tərəfdən, sülhməramlıların Qarabağda anti-terror əməliyyatı üçün təlimlərə başlaması da suallar doğurur. Əgər sülhməramlılar Qarabağdakı terrorçuların zərərsizləşdirilməsində, yaxud bölgədən çıxarılmasında maraqlıdırsa, o halda niyə Laçın dəhlizinə nəzarət ciddi şəkildə aparılmır, yaxud Qarabağa yerləşdirilən ermənilər yoxlanılmır?!”.
 
  S.Əsədli vurğulayıb ki, bütün bunlar 44 günlük müharibədən sonra revanşa cəhd edən erməniləri şirnikləndirən əsas amillərdəndir: 
“Ümumilikdə görünən budur ki, ermənilər fəallaşıblar. Qarabağda yeni fitnə-fəsad yaymağa başlayıblar. Revanşa can atan ermənilərlə hədə dilində danışsaq da, onlara söz təsir eləmir. Yaxşı olar ki, azərbaycanlıların Xankəndi, Xocalı və digər ərazilərə qaytarılması prosesi başlansın. Bu məqam 10 noyabr razılaşmasında nəzərdə tutulub. Təkid etməyə haqqımız var. Bu cür etsək, təşəbbüs bizim tərəfimizdə olacaq, ermənilər heç nə edə bilməyəcəklər. Digər istiqamətlərdə də işlər getməlidir. Ermənilər şərtlərimizə boyun əyməli, mövcud reallığı qəbul etməli, ya da açıq-aşkar bizimlə müharibəyə qalxmalıdırlar. Hər iki halda nəticə bizim xeyrimizə olacaq”.
Müstəqil.Az
Share: