Çapayevlə eyni gündə dünyaya gələn cərrah…

“Çap çaylardәn Çapayım,

Doğsun günәşim, ayım.

Çap, o çapsın, mәn çapım, sәn çap, qoy biz dә çapaq,

Çap, gәlәcәk günlәrin sәһәrinә yol açaq…”

Vasiliy İvanoviç Çapayevi heç zaman görməmişəm, amma bütün sovet yeniyetmələri kimi haqqında çəkilən filmə mən də baxmışam, Süleyman Rüstəmin ona həsr etdiyi əsəri dərslikdən mən də oxumuşam. Üstəgəl xalq arasında dolaşan lətifələri çox eşitmişəm…
Onunla da şəxsən tanış deyilik, amma “sehirli qutu”dan çıxışlarını kifayət qədər izləmişəm, internetdən yazılarını çox oxumuşam. Bir sözlə, barəsində Çapayev qədər məlumatım var. Əmisi, dostum Aslan İsmayılovdan eşitdiklərimi də üstünə gəlsəm, bir kitaba güclə sığar…
Haqqında söhbət açdığım Vasif İsmayıl həkimdir, sadəcə həkim yox, Azərbaycan təbabətinə yenilik gətirən cərrah-həkim. Zarafat deyil, qapalı böyrək və sidik axarı daşlarının, eləcə də qapalı endouroloji daş əməliyyatlarının müasir alətlərlə parçalanması onun adı ilə bağlıdır. Bu işi birinci dəfə ölkəmizdə o, həyata keçirib, bu ilkə o, imza atıb…
Vasif həkim fevral ayının 9-da, Çapayevdən 88 il sonra, Sumqayıt şəhərində dünyaya gəlib. İstanbul Universitetininin tibb fakültəsini bitirib.
2003-cü ildə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsi Urologiya kafedrasında “Erişkin qadınlarda sidik saxlanmazlığı simptomatologiyası və urodinamik göstəricilər arasında korrelasiya” mövzusunda elmi iş müdafiə edərək tibb üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib.
2003-2009-cu illərdə Bakı şəhərində “Mərkəzi Klinik Xəstəxanası”nda çalışaraq üç mindən çox xəstəni əməliyyat edib.
2009-cu ildən bir müddət “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Hospitalı”nda işləyib. Hazırda Azərbaycan Tibb Universitetinin cərrahiyə şöbəsində çalışır. “Azərbaycan Uroloqları Assosiasıyası”, “Avropa Uroloqları Cəmiyyəti”, “Türk Urologiya Cəmiyyəti”, “Türk Andrologiya Cəmiyyəti”, “Türk Qadın Urologiyası Cəmiyyəti”nin üzvüdür…
Bilmirəm Çapayev haradan yadıma düşdü, axı həmin gün çex yazıçısı Karel Çapeqin, ABŞ-ın 37-ci prezidenti Riçard Nikson da anadan olublar. Onların hər hansı birinin adı ilə də başlaya bilərdim bu məzəli yazını. Bəlkə də hər ikisində döyüşkənlik ruhu var deyə, belə alındı. Axı Vasif həkim insanlara rahatlıq verməyən xəstəliklərlə mübarizə aparır, yeni üsullar axtarışındadır. Yəqin ki, onun Azərbaycan təbabətindəki xidmətləri mənə sərkərdə Çapayevi nahaq yerə xatırlatmadı…
Elman Eldaroğlu
Share: