Vüqar Əhməd Türkiyədə simpoziuma qatıldı

Professor Vüqar Əhməd Türkiyədə simpoziuma qatılıb

2022-ci il iyun 25-26 tarixlərində Türkiyənin Hacı Beşktaş bölgəsində “XII Xalq Ozanları Hacı Bektaş buluşması” adlı Beynəlxalq Simpozium keçirilib. “Hacı Bektaş Vəli Kültür dərnəyi” tərəfindən təşkil olunan elmi simpozium türkiyəli el şairi Mısır Babanın xatirəsinə ithaf olunub. Tədbirdə bir çox dünya ölkələrindən; Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Azərbaycan və Türkiyədən olan alimlər aşıq yaradıcılığı mövzusunda məruzələr ediblər.
Azərbaycanı iki tədqiqatçı alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və tədqiqatçı-şair Qardaş Əlişoğlu təmsil ediblər.
Vüqar Əhməd XIX əsrin sonu, XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Bakı-Abşeron aşıqlarının yaradıcılığını əks etdirən, eləcə də ümumi Azərbycan aşıq sənəti barədə məruzə ilə çıxış edib. Əməkdaşımızın elmi məruzəsi iştirakçılar tərəfindən hərarətlə qarşılanıb. Vüqar Əhməd çıxışından öncə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin təbrikini simpozium iştirakçılarına çatdırıb. Simpoziumun fəxri qonağı olan Vüqar Əhməd tədbirin moderatoru şöhrətli alim, professor-doktor Hayrettin İvgin və “Hacı Bektaş Kültür dərnəyi”nin başqanı Mustafa Özcivan tərəfindən Fəxri Fərman və təşəkkürnamə ilə təltif olunub.
Tədbir haqqında Antalya televiziyası süjet hazırlayıb, Vüqar Əhmədin çıxışı tam olaraq “Antalya TV” də işıqlandırılılıb.
Simpoziumun ikinci hissəsində Türkiyə xoru və aşıqları Sıdkı Babanın sözlərinə bəstələnmiş mahnılar ifa ediblər. “Hacı Bektaş Kültür dərnəyi”nin təşkilatçılığı ilə simpozium iştirakçıları Kapatokiya vilayətinin tarixi-görməli yerlərinə səyahət ediblər. Simpozium iştirakçılarının məruzələri kitab altında çap olunacaqdır.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,
İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.az

Share: