Bərdədə Silahlı Qüvvələr Gününə həsr edilmiş “Müzəffər ordumuz” adlı tədbir keçirildi

Bərdə Dövlət Rəsm Qalereyasında Silahlı Qüvvələr Gününə həsr edilmiş “Müzəffər ordumuz” adlı tədbir təşkil edilib.

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə Dövlət Rəsm Qalereyasında Silahlı Qüvvələr Gününə həsr edilmiş “Müzəffər ordumuz” adlı tədbir təşkil edilib.
Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, “N” saylı hərbi hissənin hərbi qulluqçuları və mədəniyyət işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını sipər edən qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Regional idarənin rəisi Vəsilə Möhsümova çıxış edərək qeyd edib ki, ölkədə sabitlik bərqərar edildikdən sonra bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də inkişafa nail olunmuş, Ulu Öndərin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində qısa zaman kəsiyində vahid komandanlıq prinsipi ilə idarə edilən nizami ordu yaradılmışdır.
Vəsilə Möhsümova vurğulayıb ki, Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində düşmən tapdağı altında qalan torpaqlarımızı işğaldan azad etmiş, əsgər və zabitlərimiz nümayiş etdirdikləri igidlik və şücaət ilə qəhrəmanlıq dastanı yaratmışlar.
Tədbirdə hərbçilər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əhəmiyyətli və ölçüyəgəlməz tədbirlərin görülməsi, Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və Vətən müharibəsindəki qazanılmış parlaq Qələbə barədə danışıblar.
Tədbir Bərdə rayon Kolayır kənd Uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam edib.
Sonda bir qrup hərbi qulluqçu mədəni-kütləvi tədbirlərdə fəal iştirakına görə regional idarənin Fəxri Fərmanı ilə təltif olunub.

Müstəqil.az

Share: