Siz Baloğlanın milyonda biri deyilsiz… – Şərafəddin İlkin

 

Çox fikirləşdim ki, müdaxilə etməyim. Lakin bəzi “müğənniciklərin” və onlara havadarlıq etmək istəyən bəzi “məşhurların” həyasızlığını görüb yazmağa qərar verdim.
Baloğlan Əşrəfov dünyasını dəyişəndən sonra bir çoxları meydanı “boş” görüb onun repertuarına “hücuma” başladılar. Hətta, bəziləri televiziya kanallarına pul buraxıb, özlərini reklam etmək üçün ən axırıncı variantlara belə əl atdılar. Təəssüflər olsun ki, özünü Baloğlanın yaxını kimi qələmə verib, belələrinə dəstək olan “yaxınlar” da oldu. Bəzisi “Baloğlanın sağlığında xeyir-duasını aldığını və bütün repertuarını ona halal etdiyini” deməkdən də çəkinmir. Ödənişli efirlərdə özlərini “BÖYÜK SƏNƏTKAR” kimi təqdim elətdirib, Baloğlanın varisi adlandıranlar da var.
Belələri ödənişli efirlərə Baloğlanın yaxınlarını da (övladlarını, dostlarını) dəvət elətdirirlər ki, çirkin niyyətləri təsdiqini tapsın;-“Bəs görürsünüz, Baloğlanın yaxınları da onun yolunu davam etdiyimi təsdiq edir” mesajını verirlər. Bir-iki dəfə canlı efirdən irad bildirməyimə baxmayaraq birisi (hələki adını çəkmirəm)  efirdə yenə də həyasızlığından əl çəkmir. Baloğlanla çox yaxını olduğunu, hər gün saatlarla ünsiyyətdə qurduğunu deyir. Güya rəhmətlik özü deyirmiş ki, repertuarını ondan yaxşı oxuyan yoxdu. Efirdə olan “tanınmış” da onun dediklərini təsdiq edib, bəh-bəhlə ifasını tərifləyib, “Lap yaxşı oxudun” deyir. Yalançın lap elə…
Baloğlanla yaxın dostluğu olan müğənnilərdən biri də Manaf Ağayev olub. Manaf Baloğlanın sağlığında bir-neçə mahnısına müraciət edib, oxuyub. İfası gözəl də alınıb. Amma o özünə olan hörmətdən istifadə edib mahnının fanaqramasını istəməyib. İcazəsini alıb, özü aranjiman elətdirib, oxuyub. Halbuki o Baloğlandan istəsəydi, inanıram ki, o da razılıq verərdi. Daha bəzi şərəfsizlər kimi mahnıdan balı çıxarıb, yerinə iylənmiş şor qoymazdılar…
Mən də, Baloğlanın övladları da dəfələrlə bəyan etmişik ki, kim istəsə onun mahnılarını oxuya bilər. Amma özü aranjiman elətdirib, oxusun. Daha Baloğlanın fanaqramına, səs yazısına müdaxilə etməsin.
Maraqlıdı, hamısı çıxıb Baloğlanla yaxın olduğunu, güya bütün sirlərinin bir olduğundan danışır. Halbuki, mən onları heç vaxt Baloğlanın nəinki yanında görməmişəm, heç adlarını dilinə aldığını belə eşitməmişəm.
Bu dəfə nə o “müğənniciklərin”, nə də onların havadarlarının adlarını çəkmirəm. (Diqqətli oxucu yəqin ki, söhbətin kimlərdən getdiyini bilir). Əgər belə hallar bir daha təkrar olunarsa lazımi ölçü götürüb, onları cəmiyyətdə ifşa edəcəm.
Bəsdirin. Abrınız, həyanız olsun. Nə qədər iyrənc görsəndiyinizdən xəbəriniz varmı? Siz nəinki Baloğlan kimi oxuya bilirsiz, heç onun milyonda biri də deyilsiz – nə siz, nə də havadarlarınız olan “məhşurlar”. Ağıllı olun.

Şərafəddin İlkin,
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Prezident təqaüdçüsü.

Müstəqil.az

 

Share: