Son zəng – sabaha açılan yeni ümidlər

Bir vaxtlar qorxa-qorxa, həyəcanla daxil olduqları məktəbin qapılarından indi qururla, yeniyetmə gənclər kimi çıxan məzunlar sabahın vətənpərvər oğulları, qızlarıdır. Onların arasında fənn olimpiadalarının qalibləri, müxtəlif yarışlarda medal qazanaraq məktəbin adını yüksəldən şagirdlər də var.

İyunun 14-də ölkəmizin hər yerində olduğu kimi Bakının Sabunçu rayonundakı C. Nurməmmədov adına 108 nömrəli tam orta məktəbdə də “Son zəng” keçirildi. Məktəbin direktoru Esmira Məmmədova qonaqları salamlayaraq bütün məzunları orta təhsili uğurla başa vurmaları münasibətilə təbrik etdi. Məktəbin məzunları olmuş, 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə canlarından keçmiş şəhidlərin əziz xatirəsi anıldı, şagirdlərin vətənpərvərlik ruhunda yetişməsində məktəbdəki təlim-tərbiyənin danılmaz rolu vurğulandı. Direktor təhsilini başa vuran 46 şagirdin müəllimlərini, valideynləri təbrik etdi, müstəqil həyata atılan gənclərə yeni-yeni uğurlar arzuladı.

Digər çıxış edən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İlahə Quliyeva, müəllimlərdən – şagirdlərə ilk dəfə qələm tutmağı öyrədən Xırdaxanım Kazımova, Mehriban Mahmudova, Aynur Aslanova,  onbirincilərin sinif rəhbərləri Əhəd Rzayev və Ülviyyə Şahmuradova və başqaları yetirmələrinə ürək sözlərini söylədilər, tövsiyələrini verdilər.

Valideynlər adından çıxış edənlər məktəb rəhbərliyinə, müəllim  kollektivinə  minnətdarlıqlarını bildirdilər. Həm müəllim, həm valideyn olan məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Dadaşova, ingilis dil müəllimi Fəqanə Əliyeva öz övladlarının timsalında məktəbin bütün məzunlarını  təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar. ölkəmizin gələcək qurucuları olan gənclərə aydın səma, hansı sahədə çalışmalarından asılı olmayaraq hər zaman məktəbin şərəfini uca tutmağın vacibliyini bildirdilər.

Tədbirin sonunda 11-cilərin  və 1-ci sinif şagirdlərinin ifasında rəqs, mahnı nömrələri, şeirlər səsləndirildi.

Axırda 11 il əvvəl məktəbdə ilk zəngi çalan, hazırda məzun olan Əsgər Əsgərov 1-ci sinif şagirdi Nigar Qasımzadəni çiyni üstümə qaldırdı və son zəngin sədaları altında vida mərasimi kövrək notlarla başa çatdı.

Qabil YUSİFOĞLU

Share: