Nazirliyin Sahilində “batan” qazilərin aksiyasına sözardı

YAŞAT Fondunun qarşısında aksiya keçirən qazilərin videosunu izlədim. Elvin Hüseynovun qazilərin önünə çıxması və bütün suallara cavab verməsini xüsusi vurğulamaq gərək.

Qazilərin heç birinin tələbi Elvin deyildi, heç suallarına cavab verən şəxsin də YAŞAT Fondunun rəhbəri olduğunu bilmirdilər, sanırdılar, adi işçidir. Ancaq Elvin qazidir, illərlə vuruşub, üzüaçıqdır, çıxdı qazilərin önünə, bütün suallarına, ittihamlarına da gücü çatdıqca səbirlə cavab verdi.

İttihamlardan sonra isə məlum oldu ki, əslində qazilərin iradı YAŞAT Fonduna deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinədir.

Xəstəlik sənədi olanlar belə əlillik ala bilmir ki, pensiya ilə təmin olunsun!

Kəllə-beyin travması almış, daxili orqanları zədələnmiş, iki kiloqramdan artıq yük götürməyə həkimlərin icazə vermədiyi və deməli, sözün tam mənasında əlil olan gənc qazinin sözləri adamı sızladır: kirayə qalır, övladlarına baxmaqda çətinlik çəkir, başqa qazilərin hesabına bu xərclərini ödəyir və s.

Adamın yeganə istəyi əlilliyinin təsdiqlənməsi, pensiya təminatı və ümdə xərclərinin ödənilməsidir.

ƏƏSMN-in əməkdaşları o qazinin pensiyasını il yarımdır təmin etmirlər, ona əlillik vermirlər.

Sabah Sahil Babayev yenə duracaq, dövlət büdcəsindən ayrılan vəsaitin yenə yüzmilyonlarına qənaət edildiyini deyib, yenə 300-400 milyon manatın “büdcəyə geri qaytarılması” ilə fəxr edəcək.

Bax, iki kilo yük qaldırmağı bacarmayan, Şuşa uğrunda döyüşlərdə vuruşmuş, indi kirayə pulunu verə bilməyən və övladına ərzaq ala bilməyən qazinin halal pensiyasını verməyib, o pulları büdcəyə qaytaran nazirə nə deməlidirlər?

Canını bu vətən, millət üçün verib, psixoloji zərbələr alan qazini aylarla sənəd toplamağa vadar edən, hətta günlərlə davam edən sənəd-sünəd işlərini görmək üçün Bakıda qalmağa məcbur olan və yeri olmadığından, skamya üzərində yatan qazinin pensiyasını verməməyin adı nədir? Sənin qarnının ağrısı nədir ki, bu sadə insanların pensiyasını “qənaət” edib geri qaytarırsan? Qənaət edirsən, birinci öz anandan başla – ona niyə pensiya kəsmisən? Hər şəkər xəstəsinə pensiya kəsilir? Anasına “şəkər olduğu üçün” pensiya yazacaq əxlaqa sahib nazir hansı haqla kontuziya alan və psixoloji durumu yerində olmayan qaziyə – qucağında əsgər qardaşları ölən, yanında minomyotlar partlayan, hələ də yuxularında ölüb-öldürmək yaşayan şəxsin pensiya məsələlərində “yüz ölçüb-bir biçir”?

Hələ bəhanə də tapırlar, guya “geridönməz əlilliyi” olanlar hər il yoxlanmırmış – məsələn, ayağını, əlini itirənlər… Ancaq sən demə, bu “kateqoriyaya” barmaqlarını və yaxud daxili orqanlarını itirənlər aid deyil. Yəni gözlə baxırlar – adamın ombadan ayağı yoxdursa, o, hər il komissiyadan keçməyə bilər, çünki ayağın bitməyəcəyi dəqiqdir; ancaq sən demə, barmaq bitə bilərmiş, böyrək balalaya bilərmiş…

“Sıldırım qayalarla Şuşaya qalxanlar Sahil Babayevin qəbuluna qalxa bilmir” deyir orda qazilərdən biri.

Doğrudan dəhşətdir: Əhalisinin sosial müdafiəsi ilə məşğul olmalı qurum yalnız problem yaradır; əlillərin, qazilərin himayədarı olmalı qurum yalnız problem yaradır – əlillik vermədiyi qazilərin təkcə sosial problemi başlamır, həm də onların YAŞAT Fondu vasitəsilə müalicəsi də mümkün olmur.

Şeyx Teymur

Share: