Nərmin Quliyevanın məhkəməsi: Əgər orda kimsə olsaydı…

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Müstəqil.Az xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə bu gün İlkin Süleymanovun növbəti məhkəmə prosesində keçmiş polis əməkdaşı, İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov növbəti dəfə ifadə verib.

O, təqsirləndirilən İlkin Süleymanovun vəkillərinin və hakimin suallarını cavablandırıb.

M.Süleymanov ifadəsində bildirib ki, onun yaşadığı ev İlkin Süleymanovun qaldığı evlə bitişikdir və Nərmin Quliyevanın saxlanıldığı iddia edildiyi otaq isə onun qaldığı otaqla arakəsmə olaraq yanba-yandır və o heç vaxt həmin otaqda səs eşitməyib.

“Əgər orda kimsə olsaydı və iddia edilən hadisələr başvermiş olsaydı ən azından gecə vaxtı səssiz bir zamanda ayaq səsləri belə eşidilən otaqda olanlar eşidilirdi. Meyitin tapıldığı zamanda istintaqda lazım olar deyə İlkinə telefonla video çəkiliş etməsini də elə mən demişəm. Yani onun videonu çəkməkdə heç bir başqa məqsədi olmayıb.”-deyə M.Süleymanov bildirib.

Hakimin qərarı ilə növbəti məhkəmə aprelin 11-nə təyin olunub.

Müstəqil.Az

Share: