Putinin məğlubiyyəti qaçılmazdır

Dünyanın sülhsevər ölkələri, mütərəqqi qüvvələri həmişə haqqın, ədalətin, əzilən, zülmə, təcavüzə məruz qalan xalqların yanında olublar. Putin müstəqil, azad bir ölkəni işğal etmək eşqinə düşməklə, böyük və tarixi bir səhvə imza atmış oldu.

O, Ukraynanı aramsiz bomba, raket, mərmi atəşinə məruz qoymaqla, günahsız qadın və uşaqlara acımadan, onları amansızcasına qətlə yetirməklə, əslində bütün dünyanı Rusiya dövlətinə qarşı sıx birləşməyə vadar etdi. Əlbəttə, bu sərsəm ambisiyaların, iddiaların böyüyərək bütün dünyanı təhdit altında saxlamasına yol vermək olmazdı. Hərçənd ki, vaxtında – yəni Qarabağ, Abxaziya, Osetiya, Donetck, Luqansk, Krım və digər yerlər işğala məruz qalan zaman təcavüzkara cavab verilməli idi.
Demokratik sistem qurulmayan bir ölkənin xalqını onun seçmədiyi bir rəhbərə görə qınamaq düz olmazdı. Bu mənada bütün bu qırğınların törədilməsində rus xalqını deyil, onun vəhşi xislətli rəhbərliyini günahlandırmaq lazımdır.
Deyək ki, rus ordusu bu müharibədən qalib çıxdi. Nəticədə nə olacaq? Öz xalqına, dövlətinə sevinc, uğur, şöhrət gətirməyəcək bir qələbə uğrunda böyük itkilər verməyə, anaları gözüyaşlı, uşaqları qəlbidağlı, yetim qoymağa dəyərmi?!
Azərbaycan xalqı bu savaşda, Qarabağ müharibəsində Ermənistana böyür hərbi dəstək verməklə ordumuza məşəqqətlər yaşadan, Xocalı qətliamını törədən Rusiya dövlətinin deyil, şübhəsiz, Ukrayna xalqının yanında olmalıdır. Və eyni zamanda unutmaq olmaz ki, Ukraynanın işğalı Azərbaycanın “könüllü” olaraq rus imperiyasına boyun əyməsinə gətirib çıxaracaqdır. Aydındır ki, Ukraynanı işğal etməkdə Putinin əsas məqsədi Sovetlər birliyindən ayrılan xalqları yenidən özününküləşdirmək, onları öz milli köklərindən ayırmaq, əməklərini, milli sərvətlərini istismar etmək və rus imperiyasının çətiri altında saxlamaqdır.
Bu günlərdə Rusiyanın tanınmış alim və ziyalılarının böyük bir qismi Putinə müraciət edərək iki qardaş xalqın və dövlətin tərəqqisinə, yaşamına böyük zərbə vuracaq bu amansız, mənasız, perspektivsiz, müharibəni dayandırmağa səslədi. Xalq Rusiyanın bir sıra böyük şəhərlərində küçələrə, meydanlara çıxaraq, Ukraynaya qarşı olan təcavüzə, qəsbkarlığa son qoyulmasını tələb etdi. Nəticədə isə bir çox sülhsevər nümayiş iştirakçıları yerindəcə həbs olunaraq məhbəslərə atıldı. Haqq-ədalət tələb edən mütərəqqi qüvvələrin istək və arzuları anındaca boğuldu. Onlar qanunun deyil, rejimin tələblərini pozduğuna görə ailələrindən, sevdiklərindən, azad dünyadan ayrı düşüb, zindan həyatı yaşamağa məhkum edildilər.
Bu günlər bir çox ölkələrdə insan seli Rusiyanın deyil, məhz Ukrayna səfirliyinin qarşısına axışır, öz müstəqilliyi uğrunda mücadilə edən fədakar Ukrayna xalqı ilə həmrəy olduğunu bildirir. Ukrayna xalqı köləliyə, əsarətə yox deyərək, öz azadlığı uğrunda dönməz, sarsılmaz iradə nümayiş etdirməklə mərmi yağışı altında uf demədən şəhid olur, ölkənin şərəf və müstəqilliyini hər şeydən üstün tutur. Bu qeyrət və mübarizə təcəssümü, müharibənin nəticəsindən asılı olmayaraq, artıq Ukrayna xalqının qələbəsi deməkdir. Bəs, bütün dünyanın Ukrayna xalqının yanında olduğu bir vaxtda Putinin öz inadından, işğalçılıq niyyətindən əl çəkməməsinin səbəbi nədir? Onun ala bilmədiyi nədir ki, iki qardaş xalqı bir-birinə qırdırır, gündə yüzlərlə insan ağır döyüşlər altında qanına qəltan edilir, həyatla vidalaşmalı olur. Mənim fikrimcə bunun bir cavabı var: diktatorluq, təkəbbürlük, siyasi naşılıq, səbatsızlıq, rus imperiyasını yenidən bərpaetmə eyforiyası. Bəs, Putinin istəmədiyi nədir? Demokratik sistem, azad, sivil dünya, dövlətlərin, xalqların bərabərhüquqlu əsaslarla mehriban şəraitdə yaşaması.
Nəhayət son anda Putin anlamalıdır ki, insanlıq adına törətdiyi vəhşiliklərə, cinayətlərə görə heç bir xalq, heç bir dövlət nə onun özünü, nə nəsil-nəcabətini, nə yaxın ətrafını, nə də züy tutanlarını bağışlamayacaq.
Yaşasın azad, müstəqil Ukraya!
Aləm Kəngərli

 

 

Share: