Dəyərli elm xadimi … – Leyla Məcidova yazır

Filosof, sosioloq, şərqşünas, qədim və orta əsr Yaxın Şərq və Azərbaycan fəlsəfəsi, mədəniyyəti sahəsində mütəxəssis, Fəlsəfə elmləri doktoru , professor Kazım Ağamirzə oğlu Əzimov 1951-ci il fevralın 10-da Astara şəhərində anadan olmuşdur. Müəllim ailəsində doğulması onun sonrakı həyatına da təsirsiz ötüşməyib. Atası Ağamirzə Əzimov Azərbaycan SSR-nin ictimai xadimi və Əməkdar müəllimi idi. Onun ana tərəfdən babası xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu, ata tərəfdən babası dövrünün təhsilli ziyalısı kimi Quranın və İslam elmlərinin bilicisi olmuşdur. K. Əzimov 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Xarici dillər İnstitutunda (indiki ADU) İngilis və Azərbaycan dilləri üzrə təhsil almışdır. 1973-cü ildə Xarici Dillər İnstitutunu (XDİ) fərqlənmə diplomu – Lenin təqaüdü ilə bitirmişdir. Həmin il Təhsil Nazirliyinin sərəncamı ilə Xarici Dillər İnstitutuna İngilis dili müəllimi təyin edilmişdir. 1974-cü ildə Sovet ordusunda xidmət etmişdir.
1974-cü ildən başlayaraq başlayaraq elmi-tədqiqat fəaliyyətini pedaqoji fəaliyyəti ilə birləşdirir. 1975-1978-ci illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fəlsəfə fakültəsinin əyani aspiranturasında təhsilini davam etdirmişdir. 1979-cu ildə MDU-nun fəlsəfə fakültəsində “Orta əsr Azərbaycanın etik-fəlsəfi fikri və müasir Qərb konsepsiyalarının tənqidi” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir. 1980 -1982-ci illərdəAzərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsində ərəb və fars dillərini öyrənir. 1983-1986-cı illərdəMDU-nun fəlsəfə fakültəsinin əyani doktoranturasında təhsilini davam etdirmişdir.1989-cu ildə Moskva Dövlət Universitetində “Qədim və Orta əsr Azərbaycan fəlsəfəsində insan problemi” doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. 1990-cı ildə Sosial Elmlər professoru elmi adını qazanmışdır. 1979-cu ildə Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin dekanı, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, professor Serafim Timofeeviç Melyukhin P. Lumumba adına Xalqlar Dostluq Universitetində xarici tələbələr üçün fəlsəfə müəllimi vəzifəsində işə qəbul olunmaq üçün K. Əzimova zəmanət məktubu verir.
1980-1998-ci illərdəAzərbaycan Dövlət İncəsənət İnstitutunda müəllim vəzifəsində çalışmışdır: fəlsəfə və sosial elmlər kafedrasının müəllimi, dosent, professor, fəlsəfə kafedrasının müdiri, Bakıda Xəzər Universitetinin fəlsəfə və sosiologiya kafedrasının müdiri, sosial elmlər və hüquq fakültəsinin dekanı vəzifəsində çalışmışdır. 1998-ci ildən indiyədək Bakı Dövlət Universitetində sosiologiya, sosiologiya tarixi və metodologiyası fənlərini ingilis bölməsində tədris edir.
Yeri gəlmişkən dünən dəyərli professorumuz Kazım Ağamirzə oğlu Əzimovun ad günü idi. Həmyerlimizi, dəyərli elm adamı, hörmətli müəllimimizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, bərəkətli ömür, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayıram
Ən parlaq ulduzdu, nur saçan aydı,
Dalğalı dənizdi, ləpəli çaydı,
Ömrü ömürlərə paylanan paydı,
Safdı, müqəddəsdi müəllim ömrü.
Həlimlik gözünün qarasındadı,
Əzizlik qəlbinin parasındadı.
Hər an tələbələrinin arasındadı,
Kövrəlmiş bir səsdi, müəllim ömrü.
Günəş hərarətli, dağ vüqarlıdır,
Saçları dalğındı, bəyaz qarlıdı,
Övladlı, nəvəli, gözəl yarlıdı,
Mehriban bir kəsdi müəllim ömrü.
Həyatda hər zaman gözləri toxdu,
Ürək ovsunlayan sözləri çoxdu.
Dünyanın varında istəyi yoxdu,
Odlu bir nəfəsdi müəllim ömrü.
Leyla Qadir qızı Məcidova
Tarix üzrə fəlsəfə doktoru
Lənkəran Dövlət Universitetinin baş müəllimi
Share: