Üzünü söykəyib yaş pəncərəmə, Bir misra üşüyür axşamdan bəri… – Saqif Qaratorpaq

Gecikmiş görüş…
 
Baş aça bilmirəm hərdən özümdən.
Heyif…çox çətindi məni anlamaq.
Hələ ki vaxtın var,nolar, dön geri,
Bir bax,şər qarışdı,başladı sazaq…
 
Yıxılsan,tutmağa bir ağac da yox,
Mən sənə demişdim…demişdim axı!
Mən gedən yollarda körpülər uçur,
Mən gedən yollara yağışlar yağır…
 
Payız çiçəyini yellər qurudar,
Donar, çıxan günə aldanan arı.
Ömrün yoxuşları daha qırovdu,
Üşüdər əlini saçımın qarı.
 
Nə olsun,könlümdə çiçək arzusu,
Çatam,ya çatmayam gələn bahara.
Bu da bir qəzadı…görüşdük,qayıt…
Vaxt dolu ələyir daha yollara.
 
Hər gedən nəyisə aparıb gedir,
Boş qalır sinəmdə bir sözün yeri.
Üzünü söykəyib yaş pəncərəmə,
Bir misra üşüyür axşamdan bəri.
Saqif Qaratorpaq 
Müstəqil.Az
Share: