Müqəddəs peşənin ülvülüyüni qoruyanlar – Əntiqə Qonaq yazır…

Biz müharibə dövrünün insanları olduq. Vətən müharibəsinin 30 il davam edən savaşlarla dolu hər üç dönəmini canlı olaraq yaşamaq taleyimizə yazıldı. İstəsək də, istəməsək də biz vətənimiz və xalqımız üçün namus-vicdan, ölüm-dirim məsələsi olan bu hadisənin tən ortasındaydıq. Və qəlbində gerçək vətən sevgisi olanlar, həqiqi vətəndaş mövqeyini göstərmək istəyənlər xalqımızın Vətən müharibəsi tarixinə öz imzalarını ata bildilər.

Əbədilik baş tacımız, fəxr, qürur, and yerimiz olan şəhidlər ömürlərindən keçərək, qazilərimiz qanlarını axıdaraq və fiziki sağlamlıqlarını itirərək, sağ qalmış hərbçilərimiz silahdaşlarının itkisinə canlı şahidlik edərək, qəlbləri param-parça olaraq, geridə qalanlar isə arxa cəbhəni təmsil edərək, ön cəbhədəkilərə maddi və mənəvi dəstək olaraq Vətən qarşısında vətəndaşlıq borclarını verməyə çalışdılar. Həm ön cəbhədə, həm də arxa cəbhədə qəlbləri Vətən eşqiylə atan bu insanları cəmiyyətə tanıtmaq isə hər birimizin vicdan borcumuzdur.

Onunla Vətən müharibəsinin 44 günlük savaş dönəmində şəhid olmuş yeganə qadın hərbçimiz Arəstə Baxışovanın ailəsində tanış olmuşuq. Bayramlarda bu ailəni cəbhəçi dostlarımızla ziyarət edir, onların yanında olduqlarımızı hiss etdirməyə, övladlarının qəlblərini sevindirməyə, könüllərini açmağa çalışırıq. Yeni il ərəfəsindəki ziyarətimizdən sonra ailəyə növbəti səfərimiz ötən ilin novruz bayramına təsadüf etmişdi. Biz ailə üzvləriylə söhbət edərkən qapı döyüldü və əlində bayram xonçası olan bir xanım içəri daxıl oldu.. Tanış olduq. Bildirdi ki, bu gün 15 şəhid ailəsinə Novruz sovqatı çatdıracaq.  Sumqayıtdan general Polad Həşimovun anası Səmayə xanımın ziyarətindən gəlirdi bura. Elə həmin görüşdən sonra da onunla ünsiyyətimiz davam etdi və münasibətimiz günü-gündən möhkəmlənir. Vətənpərvər və yüksək insani xüsusiyyətlərə malik olan insanlarla dostluq etməkdən böyük zövq alıram. Daha sonra Vüsalə Qasımovanın fəaliyyətini sosial şəbəkələrdən izlədim və bu xanımın bacarığına, qabiliyyətinə heyran qaldım.

Tanıtım: Qasımova Vüsalə Salman qızı 1972-ci il dekabrın 27-də Cəbrayıl rayonunda ziyalı ailəsində anadan olub. Orta məktəbi əla və yaxşı göstəricilərlə bitirən ili M.F.Axundov adına Pedaqoji İnstituta daxil olur. İkinci ali təhsilini isə N.Tusi adına Pedaqoji Universitetin ibtidai sinif müəllimi fakültəsində alır. Tələbəlik illəri respublikamızın ən keşməkeşli dönəminə – 1990-1995-cı illərə təsadüf etdiyindən o da yaşıdları və tələbə yoldaşları ilə bərabər təlatümlü və həyəcanlı günlər yaşamaq məcburiyyətində qalır. 1990-cı ildə qansız, qəddar rus ordusunun Azərbaycanda törətdiyi 20 Yanvar qırğını, rusların himayədarlığı və təhrikiylə, həm də yaxından dəstəyi və iştirakı ilə erməni quldurlarının torpaqlarımıza təcavüzü, bu haqsızlıqlara və vəhşiliyə etiraz əlaməti olaraq meydanlara axışan xalqımızın müxtəlif təbəqələrinin nümayəndələrinin hayqıran haqq səsləri… şahidi olduğumuz bu hadisələrin tən ortasında Vüsalə müəllim  və dostları da olub.

 

Vüsalə müəllim Qarabağ torpağının gözəl güşələrindən biri olan Cəbrayıl rayonundan olduğu üçün orada yaşayan ailəsinə görə çox narahat idi. Doğmalarının həyatları üçün hər an təhlükə gözlənilirdi. O da hər kəs kimi meydanlara atılaraq rədd olsun rus ordusu, rədd olsun ermənilər deyərək hayqırırdı. 1992-ci ildən xəyanətin qurbanı olan Qarabağ torpaqları ard-ardınca düşmənlər tərəfindən işğal olunurdu. 1993-cü il avqustun 23-də Vüsalə müəllimin anadan olub boya-başa çatdığı Cəbrayıl torpağı da düşmən istilasına məruz qaldı. Valideynləri, qohumları, rayon camaatı elindən-obasından məcburən qaçqın  düşdü. Elə o vaxtan bu qızın vətən, torpaq həsrəti günü-gündən alovlanaraq düşmənlərinə qarşı nifrətini artırırdı. Vətən müharibəsində şəhid olan qohumlarının, yaxınlarının, yurddaşlarının, tanıyıb-tanımadıqlarının ruhları onu bir an olsun rahat buraxmır, dincliyini əlindən alırdı. Qarabağ deyib fəryad edir, torpaqlarımızın düşmən tapdağında qalmağından utanc hissi keçirir, həm də hiddətini, qəzəbini boğa bilmirdi. Həyat isə Qarabağsız, Cəbrayılsız davam edirdi. Çox maraqsız idi, çox cansıxıcı idi hər şey. Vüsalə özünə yer tapa bilmir, bu qarmaqarışıq vəziyyətdən çıxış yolları arayır, amma müsbət sonuca nail ola bilməyəndə qol-qandı qırılaraq yanına düşürdü. O, beynini, qəlbini dolduran qarışıq fikirlərdən, canını sıxan faciəvi olayların stresindən qurtarmağın yollarını axtarır, daha doğrusu, bu qədər ağır və çətin vəziyyətdə özünün xalqına və dövlətinə nə kimi yardımı dəyəcəyini düşünür, bunun tək yolunu məsləki üzrə çalışaraq yeni nəslin nümayəndələri olacaq şagirdlərini cəmiyyətə yararlı vətəndaşlar kimi yetişdirmək, onları əsl vətənpərvərlər kimi tərbiyə edib savadlandırmaqda görürdü. Ailə qurmağı ilə əlaqədar bir müddət işinə ara versə də, 2000-ci ildən Sabunçu rayonundakı 170 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi kimi sevdiyi peşəsində çalışmağa başladı. Artıq 21 ildir eyni məktəbdə, amma hər il dəyişən şagird kontingenti ilə sonsuz bir həvəs və coşquyla işləyir. Təpədən dırnağa Vətən sevgisi ilə alışıb-yanan, qəlbi vətənpərvərlik hissləri ilə dolub-daşan Vüsalə müəllimə şagirdlərinə də vətən, torpaq, o torpaqlarda vuruşan igidlər haqda, şəhid olan döyüşçülər barədə könüldolusu, ürək yanğısı ilə danışır və onların qəhrəmanlıq dastanlarını məktəblilərə sevə-sevə aşılayır. Bir deyim var: 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdı. Vüsalə müəllim də dərs zamanı və sinifdənkənar oxu məşğələlərində şagirdlərinə aşıladığı nəzəri biliklərlə kifayətlənməyərək onlara vətənpərvərliyi əyani şəkildə təbliğ etməyə üstünlük verir. Vətən müharibəsinin 44 günlük savaş günlərində xalqımız Ali  Baş Komandanımızın əmri ilə onun ətrafında dəmir yumruq kimi birləşdi. Ağır savaşlar gedirdi, şəhidlər verirdik. Bir vətənpərvər müəllim, o torpaqda boya-başa çatan, həsrətlə bu günü  gözləyən bir insan kimi dinc otura bilməzdi. Həm  müəllim kimi vəzifə borcu ilə bərabər vicdan borcunu, vətən  borcunu vermək üçün  ön cəhbəyə getməsi mümkün olmasa da, arxa cəhbədə nələrsə etməyə can atırdı. Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda şəhid olan igidlərimizin  ailələrini kollektiv şəkildə ziyarət etmək, onları bayram sovqatı ilə sevindirmək artıq ənənə halını almışdır. Şəhidlərin anım günlərində şagirdlərini başına toplayaraq onlarla həmin şəhidlərin məzarlarını ziyarət edir, ailələrinə apararaq valideynləri ilə görüşdürür, onların keçdikləri qəhrəmanlıq yolu barədə xatirələri doğmalarının və əsgər yoldaşlarının dilindən eşidirlər. Şagirdlərin şəhid ailələrində olmaları valideynlərə toxdaqlıq verir, övladlarının unudulmadığını, ehtiramla xatırlandığını görüb qismən olsa da, təskinlik tapırlar. Dəfələrlə şəhidlərin həyatı və döyüş yolları barədə videoçarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşıb və bu işini davam etdirir. Söhbət zamanı Vüsalə müəllim  bildirdi ki, mən də vəzifə borcumu bu formada yerinə yetirməyə üstünlük verirəm, bunu özümə bir müəllim və vətəndaş kimi vicdan borcu bilirəm.

Vüsalə müəllim məktəbin ictimai həyatında da fəallıq göstərir. Kollektivin xeyir və şərində, digər əlamətdar günlərdə səbəbkarların yanında olur, onlara mənəvi dayaq olduğunu sübut edir. Məktəb rəhbərliyinin, müəllim və şagird kollektivinin hörmət və rəğbətini qazanan Vüsalə müəllim bütün etik davranışı ilə hamıya nümunə olmağa çalışır. Müəllim peşəsi həm məsuliyyətli, həm də şərəflidir. Peşəsini sevməyən müəllim nə özünü xoşbəxt sayar, nə də ki, şagirdlərinə bu peşənin müqəddəsliyini aşılaya bilər. Müəllim bilik səviyyəsindən tutmuş peşəkarlığına, təcrübəsinə, davranışına, geyiminə və s. xüsusiyyətlərinə görə hər zaman hamıdan seçilməlidi. Çünki müəllim şagirdlərinin hər gün özlərini gördükləri aynadır. Şagird özünü müəllimin simasında görür və həyat yolunu da onun açdığı cığırla davam etdirmək istəyir. Bu yolun doğru-düzgün olması və onları lazımı ünvana çatdırması məhz müəllimlərin davranış və tədrisindən asılıdır. Əbəs yerə müəllimlik müqəddəs peşədir demirlər. Bu mənada müəllimin çiyninə düşən yük də ağırdı, vicdan borcu da. Vüsalə müəllimə böyük qürur hissi ilə deyir ki, özümü xoşbəxt sayılan müəllimlərdən biri kimi hiss edirəm. Çünki 21 il eyni kollektivdə özünə böyük hörmət qazanıb, öz üzərində daim işləyərək və həvəslə  çalışaraq özünü  şagirdlərinə sevdirə bilib. Söhbət əsnasında ondan eşidib yaddaşımda qalan fikirlərdi bunlar: “Müəllim tək dərs deyərək öz borcumu bitirdiyini düşünməməlidir. Müəllim necə valideyninə, övladına sevgi ilə yanaşırsa,  o formada da vətənə sevgi ilə yaşamalıdır. Şagirdlərinə vətənini sevdirməli, yaxşı formada təbliğ etməlidir. Cəsarətlə deyə bilərəm ki, məhz bu cür müəlliməm. Özümü vətənsevər və insani borcunu daim hiss edən müəllimlərdən sayıram”.

Məhz buna görə də, işlədiyi dövrdə məktəb rəhbərlikləri tərəfindən dəfələrlə fəxri fərmanlarla, təşəkkürnamələrlə mükafatlandırılmışdır. Müxtəlif təlimlərdə yüksək bal toplayaraq  sertifikatlar qazanmışdır. Vüsalə müəllim o qədər qürurla söyləyirdi bu ifadələri: İş fəaliyyəti dövrümdə ən yadda qalan gözəl xatirələrimdən biri 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən 3 aylıq İKT kurslarında iştirakım və sonunda imtahanlardan ən yüksək bal toplayaraq o dövrdə Təhsil Nazirinin müavini vəzifəsində çalışan  Ceyhun Bayramov tərəfindən Fəxri fərman, Prometan lövhə, Proyektor və Kompüterlə mükafatlandırılmağım oldu.

Maraqlı ideyaları, tədris zamanı tətbiq etdiyi qabaqcıl metodlarla şagirdlərin fikrini tam mənada dərsə yönəltməyə çalışır və buna da nail olur. Onun üçün şagirdlərlə keçirdiyi hər dərs saatı böyük bir zövq və məmnunluqdur. Dərs zamanı dincəlirəm, ruhum rahatlıq tapır,- deyir. Vüsalə müəllimin Silahlı Qüvvələr gününə həsr olunmuş və bu münasibətlə keçirdiyi “Şəhidlər ölməz,Vətən bölünməz!” adlı onlayn tədbirinə  90 nəfərə yaxın  iştirakçı qatılmışdı. Ziyarət etdiyi onlarla şəhidin valideyni ,qazilərimiz onun dəvətini qəbul edərək konfransda fəal iştirak etmiş, minnətdarlıq hisslərini bildirmişlər. Tədbirdə döyüş epizodlarından danışılmış, şəhidlərlə bağlı xatirələr söylənmiş,vətənpərvər mahnılar oxunmuş, şeirlər səsləndirilmişdir, səhnəciklər göstərilmişdir. Şəhid general Polad Həşimovun, Xudayarın, Cəbrayılın, Vüqarın, Arəstənin, Familin, Qələndərin, Talehin… valideynlərinin, qazimiz Xalid Gülməmmədovun çıxışları bir daha sübut etdi ki,doğrudan da Vüsalə xanım vətənpərvər, şagirdlərini də bu ruhda tərbiyə edən bir ziyalıdır.Tədbirdə müxtəlif məktəblərin rəhbərləri çıxış edərək tədbirdən məmnun qaldıqlarını vurğulamışdılar. Zəfər tariximiz, aprel və digər döyüşlərimiz haqqında dəfələrlə keçirdiyi tədbirlər Vüsalə müəllimin nailiyyəti, uğuru idi. O yaxşı bilir ki, gələcəyin Vəzirləri, Əlyarları, Elmanları, Şirinləri, Mehdiləri, Çingizləri, Poladları, İlqarları, Mübarizləri, Cəbrayılları, Xudayarları, Arəstələri indi əlifba öyrənib bilik yoluna çıxan şagirdləri arasından çıxacaqdır. Bunun  üçün də, məktəbdə ibtidai siniflərdə atılan təməl düzgün və möhkəm olmalıdır. Vüsalə müəllim şagirdlərinin timsalında gələcəyin qəhrəmanlarını və qeyrətli vətəndaşlarını yetişdirdiyinə əmindi. Bu isə onu həm sevindirir, həm də məsuliyyət hissini birə on artırır.

Vüsalə Qasımova tədris ilinin əvvəlindən yenə də eyni həvəs və enerji ilə fəaliyyətdədir. Zəfər bayramına hazırladığı “Zəfərin mübarək Azərbaycan” adlı sinif yarışmasında, Ulu Öndərin anım gününə həsr etdiyi “Sən Elə Zirvəsən” adlı, məktəbin iki şəhidinin- Qələndər Alıyev və Taleh Mehdiyevin xatirə günlərinə həsr etdiyi “Unudulmaz Şəhidlərimiz” adlı tədbirlərdə məktəb rəhbərliyi və fənn müəllimləri iştirak etmiş və hər biri çıxış edərək tədbirin maraqlı hazırlandığını vurğulamış, Vüsalə müəllimə minnətdarlıqlarını bildirmişdilər.

Vüsalə müəllim gözəl və nümunəvi bir ailənin başçısıdır. Qızları Aytən və Günel hər ikisi ali təhsil almış, ailəlidirlər. Günel  anasının  müəllim peşəsini sevə-sevə davam etdirir. Oğlu Əli isə Bakı Dövlət Universitetinin “Beynəlxalq Münasibətlər” fakültəsinin birinci kurs tələbəsidir. Hər söhbətinin sonunda yeganə arzusunu dilə gətirir: Allahdan bir ömür möhləti diləyirəm özümə. Cəbrayıl torpağını ziyarət etmək üçün, o torpağa diz çöküb öpmək üçün, ziyarət etdiyim və söz verdiyim şəhid analarını, ailəmi, 3 övladımı, müəllim yoldaşlarımı və şagirdlərimi o torpağa qonaq dəvət etmək üşün. İnanıram ki, bu arzuma tezliklə qovuşacağam.

PS: 27 dekabrda Vüsalə Qasımovanın doğum günüdür. Özü ad günlərini  qeyd etməsə də, mən bu yazımla onun şad gününə bir dost sürprizi etmək istədim. Bunu tam mənası ilə haqq etdiyini düşünürəm. Arzum onun yubiley yaşını doğma Cəbrayılında keçirməsini diləməkdir. Mələklər qəlbi təmiz insanların gözəl arzularının çin olmasına vəsilə olurlar. Çox mübarəkdi səmimi və insansevər xanım.

Əntiqə Qonaq, əməkdar jurnalist

Share: