Gün doğmuşdu? …yağış idi? …yaz idi? Heç havası bilinmirdi o yayın

Atlaz RZAYİ
Yol böyüyün,su kiçiyin olmadı.
Gələn gəldi yol istədi keçməyə.
Elə bil ki, yel əsdi, qoz töküldü
Qapının o üzünə
Keçəndən toz töküldü.
Gün doğmuşdu?
…yağış idi?
…yaz idi?
Heç havası bilinmirdi o yayın.
Bəlkə halı qarışmışdı dünyanın.
Bəlkə elə adamlara gülürdü.
Geniş- geniş pəncərəsin bağlayıb
Gizlədirdi o yanı.
Bir qapılıq yol verirdi,
Yol üstündə dalaşırdı adamlar.
Yuxusundan kal duranlar,
Yuxusunda nal vuranlar
Bir-birini didirdi.
O qapının arxasında
Bəlkə xısın-xısın gülən
Şeytan durub güdürdü.
****
Dil yalana öyrənibsə,
Burda sözün günahı yox.
Qamçı vuran həqiqətdi,
Burda düzün günahı yox.
 
Ağıl ağıldan üstündür
Düşünmək də zərdi, dürdü.
Səni ağlın hey güdürdü
Burda gözün günahı yox.
 
Əl də, qol da yerindədir,
Gül də, kol da yerindədir.
Seçimin öz əlindədir
Yansan, közün günahı yox.
*****
Qaçıram şəhərin hay-harayından
Mən sənə gəlirəm ay süsən anam.
Bir əlin əsadan, birin divardan
Tutub görüşümə tələsən anam.
 
Sən harda qocaldın, necə qocaldın
Səni gəlin kimi xatırlayıram.
Axsaq ayağından, titrək əlindən
Utana- utana güc arayıram.
 
Gümüşü saçların cənnət ayıtək
Nə yaxşı doğubdu bizim evə də.
Allahın sevgisin görürəm, ana,
Bizi oxşayanda, bizi sevəndə.
*****
Tənha heyva yazıq-yazıq baxırdı.
Gündən-günə saralmışdı.
Bu qərib dünyanın yetimi kimi
Ağaca bərk-bərk sarılmışdı.
Öz kədəri bir yana
Ağacın da, yarpağın da
Sarı dərdin sinəsinə çəkmişdi.
Saraldıqca, dadı gözəl olurdu.
Bəlkə elə doğmalaşan acının dadı şirin olur.
Dərdin adı şirin olur.
Dərd də dönür sarı rəngdə qoxuyur.
Bir qurumuş ağacda,
Bir qocalmış ağacda
Sarı rəngdə
Tənha heyva oxuyur.
Share: