Yolçuluq Həqiqəti – Soylu ATALI yazdı

(Uca şəxsiyyət M.Ə.Rəsulzadəyə üztutma)

Azərbaycan Türk Dünyasının potensial ruhani mərkəzidir. Diləyirik, Azərbaycan da özünün bu tarixi, ruhani sorumluluğunu bilsin, Türk Dünyası da. Biz Azərbaycanımızı yersiz olaraq Türk Dünyasına ruhani öndər kimi sırımaq istəmirik, doğru bildiyimizi dilə gətiririk.

 

Doğrudan qıraqda isə türkün nə birliyi yaranar, nə də ucalığı təsdiq olunar. O da faktdır, türkə qarşı yürüş etmiş azğın dünyanın ən böyük zərbələri Azərbaycana yönəldilir. Çünkü Azərbaycanı parçalamaqla Türk Dünyasını etkisiz duruma gətirmək elə bir sorun olmur.

Sayğılı Məhəmmədəmin bəy! Sizin qurmaq istədiyiniz bağımsız Azərbaycan Respublikası, özgələrdən büt yaradan, bu bütlər araçılığıyla milliliyi sıradan çıxaran azərbaycanlıların əli ilə Azərbaycan SSR ilə əvəz edildi. Özgələrin dəyərsiz mədəniyyətlərini başımıza çıxarıb öz dəyərlərimizi ayaqlar altına atanlarımız bu gün də ayaqdadırlar. Sənin sevinə-sevinə tapıntı hesab elədiyin çağımızın Səyavuşunu tarixi Səyavuşun taleyinə çevirən də həmin özgə kultlara sayğı duyan çalışanlarımızdır. Elə buna görə də bizə atılan daşların ünvanını bəlirləməkdə çətinlik çəkirik. Çünkü hədəfimiz – ruhumuza qarşı terror edənlər yox, buna araçılıq edən özümüzünkülər olur. Bu gün də biz özümüz özümüzlə çarpışırıq. Bunun bir səbəbi də odur, bəzən biz döyüşməli hədəfi düz göstərə bilmirik. Burada bir xatırlatma yerinə düşər: sənin Səyavuşunun da qaynağı olan fars şairi Firdovsi «şahnamə»sini necə ustalıqla bizə qarşı yönəldibdir. Tarixdən bəllidir, bu əsər türk hökmdarlarından biri Mahmud Qəznəvinin istəyilə yazılıb. O da bəllidir, M.Qəznəvi ondan türk hökmdarları haqqında yazmağı istəmişdi. Biz «şahnamə»ni oxuduqca Firdovsinin yetənəkliyini görürük. O, bədii təxəyyülün, poeziyanın gücü ilə İranın hərb tarixini çox tutumlu göstərə bilib. Burada həm də poeziyanın geniş olanaqları üzə çıxır. Firdovsinin şair qüdrətinə heyran qalırıq. Onun bu əsəri şahnamə sayılsa da, o, xalqın, Yurdun dayağı kimi şahları deyil, mərd, yenilməz qəhrəmanları, döyüşkən oğulları önə çəkir. Doğrudur, şair ölkənin yönətilməsini tədbirli, bilikli, geniş ürəkli, geniş səbrli şahlara tapşırmağı düzgün sayır. Firdovsiyə görə, ən tədbirli şah odur, sağlam düşüncəli, mərd igidləri çevrəsində saxlaya bilsin. Göründüyü kimi, şair öz xalqına sevgisini çox dərin, yaradıcı səviyyədə sunur. Kaş bizim ulu, qüdrətli şairimiz Nizamimizin də Firdovsi qədər milli yankeşliyi olaydı! Bizə görə gözəl bəşəri dəyər milli zənginlikdən, milləti bəşəri dəyərə çevirən oğulların, qızların hünərlərindən yaranır…

Firdovsidə tarix əsasən hərbdən oluşubdur. Bu baxımdan, «şahnamə»ni «hərbnamə» də adlandırmaq olar. Buradan o məna da çıxarmaq olar, şah varsa, hərb də var. Hərb isə antiinsani olaydır. Çeşid-çeşid hərb elmləri yaranıb, deməli, antiinsani elm yaranıb. Bu gün şahlıq üzdə yoxdur, ancaq hərb var, həm də çox amansız səviyyədə. Deməli, heç nə dəyişilməyib, sadəcə şah «prezident» adlanıb. Nə yazıqlar, yüzillər öncəyə baxanda bəşəriyyətin insani cəhətdən heç bir özəl gəlişmə aşaması keçmədiyinin tanıqı oluruq. Hətta öncələr hərbdə mərdlik olub, indi isə haradan gəldi vurmaq var. Firdovsidə başqa cəhətlər də var. Bu cəhətlər bizdən ciddi düşünmək, doğru sonuc çıxarmaq tələb edir. Ən əsası ona görə ki, Firdovsidə böyük şairlik bəşəri səviyyəyə qalxmır. Firdovsi fars igidlərini, qəhrəmanlarını sevə-sevə, öyə-öyə vəsf eləməklə türkləri vəhşi, qəddar, həris, özgə torpaqlarına göz dikən kimi qələmə verir. Bizə görə, bu münasibət – milli istəklərin humanizm səviyyəsindən ayrılmasıdır. Milli quruculuq – başqalarına qarşı şovinist davranışlar yaratmamalıdır. «Şahnamə» milli dəyər olmaq baxımından nə qədər önəmli olsa da, həm də zərərlidir. Zərəri də odur ki, «şahnamə» farslarla türklərin yaxınlaşmasına əngəl olub. Firdovsi Turan hökmdarlarını farsların tör-töküntüsü sayır. Guya Turan adlı türk yurdu-filan yoxdur. Turan elə İran deməkdir, fars deməkdir. Bu isə ədalətə, habelə tarixi gerçəkliyə tərsdir. Nə yazıqlar ki, bugünkü İran da bu tip yanlış qaynaqlara söykənərək, mollaların araçılığıyla Azərbaycanda antitürk, antiazərbaycan təbliğatı qurur. Guya Azərbaycan İran deməkdir, fars deməkdir. Türk sözü ortaya atılmış uydurmadır b.k. Bu addımlar «şahnamə»nin məntiqi davamıdır. Habelə İran imperiyasının Azərbaycana Təbrizi, Ərdəbili… unutdurmaq çabalarıdır.

«Şahnamə»yə görə, Mahmud Qəznəvini bu gün də qınayırlar. Guya o, zalımlıq, ədalətsizlik edib, Firdovsiyə vəd verdiyi qızılın yerinə gümüş verib. Bəlkə bu söhbəti qonuya çevirməmək də olar. Ancaq ədalət üçün bir məqamı deməyi özümüzə borc bilirik. O da budur, məntiqə görə M.Qəznəvi Firdovsinin boynunu vurdurmalıydı. Çünkü hökmdar idi. Hökmdar kimi onun tələbi nəinki yerinə yetirilməmişdi, tərsinə, onun «şahnamə»də görmək istədiyi qüdrətli türk hökmdarlarını Firdovsi bir heç eləmişdi. Ancaq bunun qarşılığında M.Qəznəvi Firdovsiyə o qədər gümüş verib – bax bu özü əsil humanizmdir. Asif Ata yazır: – «deyirlər M.Qəznəvi Firdovsinin qızılını gümüşə çevirdi, demirlər İranın gümüşünü qızıla çevirdi»! Asif Ata onu gözə alır ki, İranı İran eləyən elə Türklər olub…

Sən də, sevimli Məhəmmədəmin! «Çağımızın Səyavuşu»nda iki mədəniyyətin – xalqın arasında çaşıb qalan Səyavuş obrazınla Firdovsiyə haqq vermisən. Görünür, bu da sənin xislətindəki Türk arılığından doğub. Biz türklər sadəlövh oluruq, Firdovsinin Turanı Əhrimən, İranı Hürmüzd kimi qələmə verməsinin fərqinə varmırıq. Bizim xalqımıza qarşı tarixi araşdırmalar düzeyində, mədəni məsələlər düzeyində, sənət, siyasət düzeyində ardıcıl qəsd hazırlayırlar, ruhumuza qarşı terror törədirlər. Bu məsələlərdə də özgələrdən kult düzəldən özümüzünkülər canfəşanlıq edirlər. Özgə kultlarını Bayrağımızın yerinə taxırlar…

Bütün xalqlarda dühalar eyni ağrını yaşayıb – İnsanlığa dəyən zərbədən yaranan ağrını: – Nizami, Şekspir, Tolstoy, Höte b.k. Çünkü Adamlıq hər yerdə eyni xislətlidir. Onlar milli fəlakətlərin yaratdığı bəşəri ağrıları yaşayıblar. Ancaq hər bir xalqın Adamlığının yaratdığı ilə yanaşı, insani dəyərləri də olub, o dəyərlər adları çəkilənlər ilə ölçülüb. Xalqın böyüklüyü (hər cür Adamlıqlara baxmayaraq) verdiyi böyük dəyərlərlə ölçülüb. Bu dəyərlərə görə bizim millətimiz çox üstündür. Xalqlar bir-birinə İnsani dəyərlərinə görə münasibət bəsləməlidir. Siyasət xalqları bir-birinə qarşı vəhşilik axtarışına sövq edir. Siyasətdə hər bir xalq başqasının tarixdəki Adamlığını təftiş eləməklə özünün üstünlüyünə çalışır. Bu isə eybəcərlikdir! Hamı bir-birinə, həmin tarixi naqislikləri əsas gətirib, düşmən gözüylə baxır. Bu isə siyasətə gərəkdir. Xalqlar siyasəti yenmək üçün bir-birinə sayğı ilə yanaşmalıdırlar. Habelə, ruhani xislətinə görə sevgi bəsləməlidirlər. Biz Asif Atanın Mütləqə İnam Ocağı olaraq, sevgi yolu tutmuşuq, siyasət yolu tutmamışıq. Siyasət yolu tutanda bəşəri sevgini yaşatmaq alınmır. Sözlə ürək bir-birinə düşmən kəsilməməlidir. Sözdə humanizmi demək, ürəkdə siyasi məkri gəzdirmək İnsanlığa qarşı böyük zərbədir. Biz millətimizə qarşı olan məkrli əməllərlə döyüşəndə belə, bəşəri sevgini ortadan qaldırmırıq. Millətimizə qarşı olan düşmənlik güdüklərinə olan nifrətimiz bəşəri sevgimizi şərtləndirir. Biz millətimizi başqa millətlərə qarşı qoymaq uğrunda döyüşmürük, millətimizin özünəxaslığı, özgürlüyü, gələcəyi uğrunda döyüşürük. Biz millət olaraq heç bir xalqa qarşı düşmənlik təbliğatı aparmırıq. Bizə qarşı olan düşmənliklərlə döyüşümüz – öz dəyərlərimizə yiyə durmaq, onu insanlarımızın ruhuna doğmalaşdırmaq yönündə baş verir. Çünkü bizə qarşı ən böyük qərəz bizim dəyərlərimizi təhrif eləmək, ruhumuzu özgələşdirmək gedişləridir. Öncə ruhumuzu özgələşdirirlər, sonra tariximizi təhrif edirlər, sonra torpağımızı, nemətlərimizi əlimizdən alırlar. Sənin –göz işığı qədər sevdiyin Azərbaycanın bağımsızlığı da bu cür fəlakətlərimizin altında qaldı. Sənin sevə-sevə, öyə-öyə bəslədiyin millətin bu gün də özgəçi bütçülərimizin yadlığı üzündən özümləşmə yolu tuta bilmir. Sən Müsavat adlı millətçi partiya yaratmışdın. İndi sənin partiyanın adını daşıyanlar beynəlmiləlçiliklə uğraşırlar. O vaxt millətçilik bolşeviklərin «vahid millət» cəfəngiyyatı ilə ortadan qaldırıldı. İndi də «dünyəvi demokratiya» oyunları ilə gözdən, dəyərdən salınır. O vaxt kommunistləşdirmə rusçuluğu ilə xalqların iradəsini açıq şəkildə zorlayırdılar, indi də kürəsəlləşdirmə batıçılığı ilə zorlayırlar. Bu zorlamanın fəlakətlərinə də ən çox türk milləti uğrayır. Bütün bunları gözə alaraq, biz Qarabağı, Zəngəzuru, Göyçəni, Zəngibasarı, Qaraqoyunlunu ermənidən; Borçalını Gürcüdən; Təbrizi, Ərdəbili… İrandan; Dərbəndi Rusdan alıncaya qədər hərbi-siyasi toparlanmağı doğru sayırıq – çox böyük acı duyğusu ilə. Çünkü məsələnin bu cəhəti bizdən asılı deyil. Elə buradan da görünür, biz özümüzü təsdiq edincəyə qədər uzun yol keçməliyik. Ancaq bu yol milli özümlüyümüzə yüksəlməklə gedilə bilər. Özgə düşüncəylə, özgə təfəkkürlə, özgə psixologiya ilə özgələşmək olar. Özgəçilik tələbiylə özümüzə doğru yol gedə bilmərik. Milliliyi – İnsanlaşma İnamı arılaşdıra bilər. Milliliyə hər şey qarışdırıblar. Bu qarışıq xəlitədə ən az çəkisi olan millilikdir. Hər cür pozucu yeniliyə millilik adı verilir, hər cür milli xassələr gerilik, köhnəlik qalığı kimi rədd edilir. Milli bəlirti itib. Millətin bugünkü həyatını bayağı gələnəyə alışanlar yönətir. Bu yönətimin arxasında, üzdə bir-birinə tərs olan, İran dinçiliyi, Avropa qlobalçılığı, rus «xilaskarlığı» birləşir, yazılmamış bağlaşma kimi konseptual bir gələnəyə çevrilir. Bu gələnəyin gücü ondadır, millətimiz bilmədən bu konsepsiyanı öz evini işıqlandıran çıraq sanır. Bizim millətimiz bu gün həqiqət güzgüsünü öz üzünə tutanda belə, yanlış olaraq, ya da zorən başqalarını görür. Öz rəngini görmür, başqalarının rəngini öz rəngi bilir. Nə yazıqlar, bu məsələnin həllində ədəbiyyatımız da, sənətimiz də, mətbuatımız da, televiziyamız da, öz gücsüzlükləri ucbatından, durumun daha da mürəkkəbləşməsinə qulluq  edirlər.

Millətin özünəxaslığını təsdiq eləmək üçün bütün sahələri milliləşdirmək gərəkdir. «Çağdaş Azərbaycan Tarixi» əsərində yazırsan (mən ona görə «sən» deyə üz tuturam, böyüklər, təkcələr «siz» deyil, «sən»dir): «Çar Rusiyası azərbaycanlıları əsgəri qulluğa çağırmırdı, ancaq ermənini, gürcünü çağırırdı». Elədir, sayğılı Məhəmməd Əmin bəy! Ancaq bu yanaşma Azərbaycanın müsəlman olmasına görə yox, türk olmasına görə idi. I Pyotrun İstanbula bayraq taxmaq arzusuna qulluq edirdi. Çünkü Azərbaycanı İstanbula gedən yolda ən böyük əngəl sayırdılar. Bu yanaşmadan irəli gələn bir istəklə Azərbaycanda soyqırım törətdilər. Bunu bolşeviklərin yardımı ilə azğın ermənilər elədilər. Öz əsgərlərimiz olmadığı üçün bizi onların əlindən Türkiyə ordusu aldı. Bundan sonra Bakını, yalançı qurtuluşçumuz bolşevik Rusiyası oda qaladı. 1990-cı il 20 Yanvarda bunlar davam elədi i.a. Hələ 37-ci il canavarlığını demirik. Bunlar hamısı bir əl ilə, bir xətlə həyata keçirilir. Heç bir günahkar da cəzalandırılmayıb. Bolşeviklərin proletar kultu Azərbaycanın boyunduruqlu taleyinə ona görə möhür vura bildi ki, ona qarşı millətin öz sözü, öz ideyası qoyulmadı. Bizə görə ərəblə islam, rusla kommunizm, Batı ilə demokratiya bir şeydir. Bu cür yad, şirnikdirici, aldadıcı ideyalardan qurtuluş ummamaq üçün əsil, həqiqi qurtuluş ideyamızı bayrağımıza çevirmək gərəkdir. Sənin ərdəmliklə, duyğusal davranıb bolşevizmi söyməklə təsəlli tapmadan, yersiz aşağılamalara yol vermədən onun (bolşevizmin) yaratdığı fəlakətləri həyəcanla açıqlamaların, nə yazıqlar ki, indiki hakimiyyət hərislərinə, yalmançılara dərs olmadı. Çünkü Yurdumuzdakı özgəçilik – ruhumuzdakı yolsuzluqdan törəyib. Millətimiz öz dəyərlərindən özünə yol sala bilməyib. Böyük dəyərlərimizi birləşdirib qoruya bilməyib. Sən də, sevimli millət fədaisi, – Babək kimi uca bir dəyəri – Azərbaycanın Azadlıq simgəsini Dağıstanlı Şamildən, Gəncəli Cavad xandan aşağı tutursan. Babəkin ideallaşdırılmasından həyəcanla danışırsan. Guya rus imperiyası Babəki millətimizə qarşı qullanır. Babəkin İslam üçün qorxulu olmasından rahatsız olursan. Gəncəli Cavad xanın döyüşkənliyini alqışlayır, ona kölgə düşməsini istəmirik. Ancaq soruşmaq istəyirik, axı Babək nə vaxt ideallaşdırılıb?! Babək ideallaşdırılsaydı, ya da özünə bərabər tutulsaydı, Azərbaycan bu günə düşərdimi?! – Yox, düşməzdi. Tərsinə, Azərbaycan uca Azərbaycan olardı. Babək, kimin onu hansı istəklə qullanmaq çabalarından asılı olmayaraq, Azərbaycanın Azadlıq simgəsidir. Biz isə ona qarşı çıxdığımız üçün, bir millət kimi, yenilmişik. Başqa bir yandan, axı niyə biz öz Babəkimizə yiyəlik eləmirik ki, başqaları da onu başqa istəklər üçün qullanmağa çalışır?! Öz dəyərlərimizi unudub, özgə ətəyindən sallaşmaq bu gün də davam edir, yenilməyimizdən başqa da heç bir sonuc vermir. İndikilər Azərbaycanın nefti ilə öyünür. Biz isə – Mütləqə İnam yönlülər – Azərbaycanın Babəki ilə, Dədə Qorqudu ilə, Nəimisi, Nəsimisi ilə öyünürük. İndikilərin öyündüyü faydalı Azərbaycan azğın hərislərin, qəsbkarların qidasına çevrilir. Bizim ruhani Azərbaycanımız isə bəşərin Dəyər ölçüsünə çevrilməlidir. Sayğılı aydınımız! Axı rus bolşevizmi Azərbaycan üçün nədirsə, İslam ümmətizmi də odur. Axı nə vaxt İslam qarşısına məqsəd qoydu ki, Azərbaycanı böyük eləyəcək?! Axı İslam Azərbaycanı kiçiltməkdən başqa heç bir iş görməyib. Nə yazıqlar, millətsevərlərimiz belə, Azərbaycanı İslam üçün yaratmağa çalışıblar. Bir qisim özümüzünkülər isə Azərbaycanı bolşevik imperiyası üçün yaradırdılar. Azərbaycanı Azərbaycan üçün, türk üçün yaratmadıqlarına görə Azərbaycan ayaq üstə deyil. Azərbaycanı Azərbaycan üçün yaratmaq istəyənləri isə böhtanlayıb, ləkələyirlər, o sıradan Babəkimizi… o sıradan Səni! Azərbaycanı İslam üçün yaradanları bolşeviklər, bolşevik üçün yaradanları İslamçılar yamanlayıblar. Bunun da Azərbaycana yalnız zərərli qatqısı olub. Biz, Mütləqə İnam Ocağı Azərbaycanı öz dəyərləri, öz bəşəri keyfiyyətləri üstə yaratmağı doğru sayırıq. Sənin başıyın üzərinə  qaldırdığın Bayrağın İslamçılıq, Batıçılıq rənglərini isə Azərbaycan- Türk ruhuna uyğun saymırıq, zərərli sayırıq. Bu isə millətin də, sənin kimi millətsevərlərin də şərəfini qorumaqdır. Kim burada millətin də, sənin də təsdiqini deyil, danılmağını görür, o, Azərbaycanı dərk eləmir, ya da dərk eləmək istəmir. Azərbaycanla bağlı heç bir yalançı siyasi humanizmə əsaslanmaq gərək deyil. Millətə özgün olan nə varsa, ona ortaq qoşmaq olmaz. Millətin Dövlət Bayrağında yalnız bu millətin öz dəyəri baş üzərinə qaldırılmalıdır. Belə olmadığı üçün, Bayrağımızda ucaltdığımız İslamçılıq, Avropaçılıq evimizin içində, ailəmizin qarşısında bizə barmaq silkələyir.

Türkçülüyə heç nəyi ortaq qoşmaq olmaz. Olarsa, qazanan qoşulan olacaq, Türkçülük yox. Hər hansı bir xalqın bəşəri dəyəri varsa, o yalnız qarşılıqlı mədəni ilişkilər səviyyəsində qəbul edilə bilər, Bayrağımızın, evimizin, ailəmizin yiyəsi kimi yox! Biz istəyirik, İnsançılıq, millətçilik məsələsində güzəşt olmasın. İstənilən halda, güzəşt təsdiqi əvəz edir. Qurbanlar isə İnsançılıq, Millətçilik üçün olmalıdır, İnsançılıqdan, Millətçilikdən olmamalıdır. Biz ünlü türkçülərimizi sevə-sevə, öyə-öyə qüsurlardan qorumaq istəyirik. Biz qaralama, danma yolu tutmamışıq. Ağartma, təsdiq yolunu tutmuşuq. Təsdiqimizn isə arxasında hər hansı siyasətlə din yox, Yalansız İnam, onun Qurucusu Asif Ata durur. Siz türkçüləri, aydınları hərə öz balaca məqsədinə xərcləməyə çalışır. İndi sizə gerçəkdən yiyə duran yox kimidir. Ancaq Mütləqə İnam düşüncəsi sizə yiyə olmaq ərdəmliyi yaratmağa çalışır. Bunun üçün sizi tarixi yanlışlardan azad edib milli dəyərlərin mayasına qatmağı doğru sayır!

Sevgi, sayğılarla!

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

(arxiv)

Share: