Deputat Tofiq Yaqublunun döyülməsini təxribat adlandırdı

Milli Məclisin deputatı Fazil Mustafa Tofiq Yaqublunun döyülməsi məsələsinə münasibət bildirib. Müstəqil.Az “Qafqazinfo”- ya istinadla xəbər verir ki, deputat sosial şəbəkə profilində qeyd edib ki, şəhidlərin dəfn olunduğu gün icazəsiz mitinqə cəhd etmək nə qədər düşünülmüş təxribatdırsa, həmin tədbirdə qanun pozuntusuna yol vermiş Tofiq Yaqublunun döyülməsi də təxribatdır:

“Məsələnin günahkarları araşdırılmalı və hüquqi tədbirlər görülməlidir”.

Xatırladaq ki, məsələ barədə Daxili İşlər Nazirliyi ötən gün məlumat yayıb. Məlumatda bildirilir ki, Tofiq Yaqublunun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır:

“Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq”.

Qeyd edək ki, ötən gün paytaxtın mərkəzində bir qrup siyasi fəal bir neçə gündür ki, cəzaçəkmə müəssisəsində aclıq edən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmlinin həbsdən azad edilməsi ilə bağlı aksiya keçirib.

 

Share: