Ədəbiyyat İnstitutunda “Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

 

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinə həsr edilən “Aşıq sənətinin Ələsgər zirvəsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli qeyd edib ki, Azərbaycan aşıq poeziyasını zirvələrə yüksəldən el sənətkarı Aşıq Ələsgərin anadan olmasının iki yüzüncü ildönümünün təntənəli qeyd edilməsi barədə Prezident İlham Əliyevin Sərəncamı ustad aşığın həyatının, sənətinin daha dərindən öyrənilməsi üçün zəmin yaradıb. Aşıq Ələsgərin yaradıcılığının tədqiqindən danışan akademik Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının rəhbərliyi və filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın və filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının iştirakı ilə hazırlanan “Aşıq Ələsgərlə bağlı dastan-rəvayətlər” kitabının məziyyətlərinə toxunub: “Aşıq Ələsgərin tam dərin əhatəli elmi tərcümeyi-halı, həm də yaradıcılığının poetikası ortada yoxdur. Ona aid bütün materialları toplamadan Aşıq Ələsgəri tam tədqiq etmək mümkün deyil. Bu kitab Aşıq Ələsgər kimdir sualına tam cavab verə bilər. Mən bu kitabı Aşıq Ələsgərin pasportu hesab edirəm”.

Daha sonra Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək bildirib ki, Aşıq Ələsgər yaradıcılığına həm folklor, həm də ədəbiyyat hadisəsi kimi baxmaq olar: “Ustad Aşığın yaradıcılığı birbaşa ədəbiyyat nümunələridir. Onun çap olunan şeirlərini təhlil etdikdə də bunu görmək olar. Xalqın əxlaq kodeksi, etnoqrafiyasından gələn milli-mənəvi keyfiyyətlər sənətkarın yaradıcılığında öz əksini tapıb”.

Tədbirdə “Aşıq Ələsgər: şifahi ifaçılıq ənənəsi və ustad sənətkar fərdiyyəti” mövzusunda  çıxış edən akademik Muxtar İmanov Aşıq Ələsgərlə bağlı bəzi mübahisəli məqamlara toxunub. Onun sözlərinə görə, xalq rəvayətlərində Aşıq Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım və eləcə də Aşıq Ələsgər yazıb-oxuya bilməyən kimi təqdim olunur: “Bunun səbəbi isə xalqın onları sinədəftər sənətkar kimi görməsidir. Rəvayətlərə görə, onların istedadı savad yox, Allah vergisidir. Lakin Aşıq Ələsgər bir çox şeirlərində özü də ifadə edir ki, bir əlimdə qələmdir, bir əlimdə kağız. Buna bənzər bir çox nümunələr onun yazıb-oxuya bilməsinin sübutudur”.

Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın “Aşıq Ələsgərin həyatı və sənəti çağdaş mədəni-tarixi kontekstdə” mövzusunda məruzəsi dinlənilib. A.Xəlilova, həmçinin Ədəbiyyat İnstitutunda Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı görülən işlərdən danışıb. O qeyd edib ki, hazırda Aşıq Ələsgər haqqında məqalələr toplusu, onun sözlərinə bəstələnmiş mahnılardan ibarət kitab, yaradıcılığı haqqında rəvayət, poema və dastanlardan ibarət toplu hazırlanır.

Tədbirin bədii hissəsində Azərbaycan Aşıqlar Birliyinin nəzdində fəaliyyət göstərən “Çeşmə” folklor qrupu və birliyin sədr müavini Altay Məmmədli Aşıq Ələsgər yaradıcılığından nümunələr səsləndiriblər.

 

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Müstəqil.az

Descripción no disponible.

Descripción no disponible.

Descripción no disponible.Descripción no disponible.

Descripción no disponible.

Share: