Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi

Prezident İlham Əliyevin ölkəmizdə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı imzaladığı müvafiq Sərəncamında deyilir: “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir”.

Doğrudan da, hələ XII əsrdə Nizami Gəncəvinin yaratdığı əsərlər bu günədək dünyanın müxtəlif xalqları tərəfindən sevilərək oxunur və yüksək dəyərləndirilir. Yazdığı əsərlərlə yalnız Şərqin deyil, eləcə də dünya ədəbiyyatının görkəmli simalarından birinə çevrilmiş Nizami Gəncəvinin adı həqiqi mənada xalqımız üçün böyük qürur mənbəyidir. Bu günlərdə Nizami Gəncəvi ruhuna ehtiram ifadəsi olaraq dünyanın müxtəlif ölkələrindən çoxsaylı mədəniyyət xadimlərinin Bakıya gəlişi və böyük mütəfəkkirin 880 illik yubiley tədbirlərində iştirak etməsi bir daha Nizami şəxsiyyətinin qlobal miqyasını və universal dəyərini göstərməkdədir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Qoca Şərqin nur mənbəyi – Nizami Gəncəvi” adlı məqaləsində yer alıb.

Məqalədə qeyd olunur: “Nizami Gəncəvinin həyatı ilə bağlı olan bilgiləri əsasən onun yazdığı əsərlərdən əldə etmək mümkündür. Nizaminin doğum tarixi dəqiq bilinməsə də, doğum ili 1141-ci il olaraq göstərilir. UNESCO da onun doğum tarixini məhz 1141-ci il olaraq qəbul etmiş və 1991-ci il Nizaminin anadan olmasının 850 illik yubileyi şərəfinə UNESCO tərəfindən “Nizami İli” elan edilmişdi. Nizaminin vəfat tarixi ilə bağlı da müxtəlif rəqəmlər göstərilsə də, onun 1209-cu ildə dünyadan köçdüyü ehtimal olunur. Mənbələrdə şairin əsl adının İlyas, ata adının Yusif, baba adının isə Zəki olduğu qeyd olunur. Ədəbi ləqəb kimi şair “Nizami” sözünü seçmiş və bu adla da məşhurlaşmışdır. Nizami Gəncədə doğulub və ömrünün sonuna qədər bu şəhərdə yaşayıb. Onun yaşadığı dövrdə Gəncə şəhəri Böyük Səlcuq imperiyasının (1077-1307-ci illər) və onun yerli təmsilçiləri olan Azərbaycan Atabəylərinin hakimiyyəti altında idi. Nizaminin yaşadığı dövrdə bu coğrafiyada fars mədəniyyəti hakim olmuş və o da əsərlərini məhz bu dildə yazmaq məcburiyyətində qalmışdır. Əsərlərini fars dilində yazmasına baxmayaraq, Nizami Gəncəvi Azərbaycan şairidir və bütün dünya tərəfindən də belə tanınmışdır. Nizami yüksək təhsil almış, ərəb və fars ədəbiyyatına dərindən bələd olmuş, riyaziyyat, astronomiya, astrologiya, əlkimya, tibb, botanika, teologiya, Quranın təfsiri, xristianlıq, iudaizm, İran mifləri və əfsanələri, tarix, etika, fəlsəfə, musiqi, təsviri sənət sahələrini də mükəmməl öyrənmişdir. Nizami dünyanın məşhur filosoflarının əsərlərini oxumuş və onlardan ciddi şəkildə bəhrələnmişdi. Nizami yaradıcılığının gücü həmin filosofların zəngin fikirlərini gerçək həyatla əlaqələndirib ədəbi üsullarla təqdim edə bilməyindədir”.

Nizami yaradıcılığını bütövlükdə Şərq intibahının zirvəsi adlandıran müəllif yazır: “Onun əsərlərində ümumbəşəri ictimai-siyasi ideyalar aparıcı xəttə çevrilmiş, qlobal humanizm ideyaları üstünlük təşkil etmişdir. Nizami dühası bu gün də yaşayır, o, sərhədləri keçir, dünyanın ayrı-ayrı xalqlarının dillərində ciddi söz sənətinə çevrilir. 2012-ci il aprelin 20-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Roma şəhərindəki məşhur “Villa Borghese” parkında Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Abidənin açılışında Neapol Şərqşünaslıq Universitetinin professoru Mineli Bernardini çıxış edərək, Nizami Gəncəvini yüksək qiymətləndirdi və Azərbaycanın Gəncə şəhərində dünyaya göz açan dahi şairin əsərlərini bütün dövrlər üçün əvəzsiz xəzinə adlandırdı, onun yaradıcılığının Azərbaycan xalqına xidmətlə yanaşı, digər xalqlar üçün də böyük əhəmiyyət daşıdığını vurğuladı. Bu gün doğma vətəni Azərbaycanda Nizami Gəncəvi adı ilə fəaliyyət göstərən çoxsaylı qurumlar mövcuddur. Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin adını daşıyır. Nizami adına Ədəbiyyat Muzeyi də Bakının mərkəzindədir və bu muzeyin yaxınlığında isə böyük şairin heykəli ucalır. 2012-ci ildə yaradılan Beynəlxalq Nizami Mərkəzinin fəaliyyəti özünün beynəlxalq səviyyədə geniş təsir dairəsi və fəaliyyəti ilə diqqəti cəlb edir. Dünyanın tanınmış şəxsiyyətlərinin bu mərkəzdə toplaşması və Azərbaycan naminə faydalı işlər görməsi olduqca əhəmiyyətlidir. Nizami dünyası intəhasız bir dəryadır. İllər keçir, əsrlər dəyişir, amma Nizami Gəncəvi fəlsəfəsinin əsasını təşkil edən dəyərlər dəyişmir və beləcə Nizami Gəncəvi şəxsiyyətinin özü də milli sərhədləri aşaraq universal bir dəyərə çevrilir. Azərbaycan xalqının xoşbəxtliyi də məhz belə bir dəyərə sahib olmasındadır”.

Azər TAC

Share: