XXI əsrdə eşşəklə su daşınan kənd…

Mənim babam 1943-cü ildə Zenqarandan Sırıq kəndinə köçmüşdü. Atam Sumqayıtda məskunlaşanadək orada yaşamışdı…

Uşaq vaxtı yay tətillərində valideynlərim məni və qardaşım Telmanı Yardımlıya istirahətə göndərirdilər. Əslində tətili Sırıq kəndində ata babamgildə keçirməli olsaq da, orada beş-on gündən artıq qala bilmirdik, ana babamın yaşadığı Dəlləkli kəndinə üz tuturduq. Soruşula bilər ki, nə idi problem? Problem nə bizə göstərilən nəvazişdə, nə də diqqətdə idi. Su qıtlığı, ağcaqanad, yardımlıların dili ilə desək, “hünü” bolluğu, qızmar hava bizi Dəlləkli kəndinə getməyə məcbur edirdi…
İndi o vaxtdan 45 il vaxt keçir. Bütün dünya dəyişib, amma Sırıq kəndinin SU problemi dəyişməyib ki, dəyişməyib.
Yenə də qız, oğlan uşaqları suyu eşşəyin belində qıflarda daşıyır.
Doğrudur, rəhmətlik Mirmahmud ağa Mirxas oğlu vəfat etməmişdən öncə Fövqalədə Hallar naziri Kəmaləddin Heydərovdan etdiyi xahişə əsasən, ona ehtiram əlaməti olaraq, kəndə qaz xətti çəkilib, di gəl ki, su problemi hələ də aradan götrülməyib. İnsanlar çox narahatdır. Əgər bir əcnəbi qonaq gəlib bu hala baxsa, möcüzə görürmüş kimi gözlərini bərəldər..
Buradan üzümüzü tutub “Azərsu”yun səlahiyyətli nümayəndələrinə, o cümlədən rayonda bu işə görə məsuliyyət daşıyan şəxslərin nəzərinə çatdırırıq ki, başlarını kabinetlərinin pəncərəsindən çıxarıb, insanların içməli suya görə nə zülüm çəkdiklərinin fərqinə varsınlar.
Bayırda XXI əsrdir. Yəqin ki, ürək yandırıb, baş işlətsələr bu problem tezliklə öz həllini tapar…
Elman Eldaroğlu
Share: